Məzmuna keç

Zahid Oruc: “Sərhəddə xidmət göstərən hüquq-mühafizə orqanları əməkdaşlarının sosial təminatı gücləndirilməlidir”

"Prezident İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində bildirdi ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir və öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir.

Bizim Konstitusiyamızda ərazi iddiası məsələsi yoxdur, amma "Dağlıq Qarabağ" termini ilə bağlı qanunvericilik aktlarımızda çoxlu ifadələr yer alır. Ona görə də elə hesab edirəm ki, parlamentdə bu yöndə bir işçi qrup formalaşdırılması qeyd-şərtlə qoşulduğumuz onlarla, yüzlərlə sənədin dəyişidirilməsi baxımından əhəmiyyətlidir".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat qeyd edib ki, sərhəddə xidmət göstərən hüquq-mühafizə orqanları əməkdaşlarının sosial təminatı gücləndirilməlidir: "Başqa bir mühüm məsələ odur ki, qalibiyyətimizin nəticəsi olaraq dövlət strukturlarımız Ermənistanla sərhəddə möhkəmlənməkdədir. Artıq Gorus-Qafan yolunda polis orqanları, gömrük strukturları, sərhəd qoşunlarının qüvvələri dövlətimizin müstəqilliyinin və suveren haqlarımızın gerçəkləşdirməsini həyata keçirirlər. Orada ordumuzla çiyin-çiyinə polis qüvvələri də iştirak edirlər. Mən hesab edirəm ki, parlament həmin insanların sosial durumuna, təminatlarına, xüsusi imtiyazlarına yenidən baxılması yönündə addım ata bilər. Həqiqətən də onlar ölkənin digər ərazilərində xidmət aparan insanlardan fərqli bir missiyanı daşıyırlar. Onlar döyüşçüdürlər, bu gün Azərbaycanın təhlükəsizlik zirehini təşkil edirlər. Bu məsələnin nəzərə alınmasını xahiş edirəm".

Xəyalə Bünyatova