MM sədrinin birinci müavini 18 oktyabrın qeyri-iş günü olması ilə bağlı təkliflərə münasibət bildirdi


  • 12 Oktyabr 2021 12:00

“Xalqımız sovet hakimiyyətinə qarşı uzun illər mübarizə aparıb. AXC-nin 23 ay yaşaması ilə bağlı burada fikirlər səsləndi”.

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəsi zamanı parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Deputat bildirib ki, bu məsələ tarixi sənədlərlə öz təsdiqini tapıb: “Sənədlərdə AXC-nin 23 ay yaşaması qeyd olunub. Ondan sonra Gəncədə və digər yerlərdə sovet hakimiyyətinə qarşı mübarizələr aparılıb”.

Ə. Hüseynli 18 oktyabrın qeyri-iş günü olması ilə bağlı təkliflərə də münasibət bildirib: “Bu layihə qəbul olunandan sonra yəqin ki, Əmək Məcəlləsinə də düzəlişlər təklif ediləcək. Ola bilsin komitə olaraq biz bunu təqdim edək, yaxud da Prezident İlham Əliyev tərəfindən layihə təqdim olunsun. Amma öz mövqeyimizi demək istəyirəm ki, Əmək Məcəlləsinə olunacaq dəyişiklik texniki məsələdir. Bu dəyişiklik bayram günü, qeyri-iş günü məsələsinə yönəlməyəcək”.

Qeyd edək ki, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir.

Oxşar xəbərlər