- 30 İyul 13:01
"Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi banklarla müştərilər arasında münasibətlərin tənzimlənməsi baxımından vacibdir".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisinin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bəzi bank qərarlarının icrasındakı çətinliklərin sosial səbəbləri var. "Bir sıra hallarda vətəndaş kredit alır, amma sonra onu ödəmək qabiliyyəti kifayət qədər azalır. Bəzi hallarda həmin sosial faktorları nəzərə alaraq icraçılar tərəfindən qərarlar qəbul edilir. Ona görə də yaxşı olardı ki, kredit verilən zaman müştərinin ödəmə qabiliyyəti yaxından öyrənilsin, faizlərin optimallaşdırılması həyata keçirilsin. Çünki bir sıra hallarda kommersiya bankları kreditlər verilən zaman kifayət qədər yüksək faizlərlə verir. Vətəndaşın ödəmə qabiliyyəti yoxlanılmadan kreditlərin təklif olunması həyata keçirilir".
V.Bayramov bildirib ki, bütövlükdə məhkəmə qərarlarının icrası mexanizminin təkmilləşdirilməsi ilə bağlı müzakirələr gedir: "Cari ilin son 9 ayının göstəricilərinə əsasən, banklarda problemli kreditlərin həcmi artıq 871 milyon manatdır. Bu kifayət qədər böyük rəqəmdir. Həmin problemli kreditlərin əksəriyyəti ilə bağlı məhkəmələrə müraciət edilib. Düşünürəm ki, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. Prosesin sosial tərəfləri nəzərə alınmalıdır. Ona görə də burada inzibati metodlardan daha çox istifadə olunması arzuolunan deyil. Məhkəmə qərarının icrasına qədər olan proses təkmilləşdirilməlidir. Bütövlükdə öhdəliklərin qarşılıqlı olaraq müəyyənləşdirilməsi və onların icra edilməsi vacibdir".
Xəyalə Bünyatova