- 30 İyul 13:01
"Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası çox nadir müraciət olunan bir maddədir və xüsusi qaydada təyin olunanlar da elə insanlardır ki, onların hakim kimi fəaliyyəti üçün heç bir keyfiyyəti sual doğurmur".
E-huquq.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov Milli Məclisin plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklə bağlı çıxışı zamanı deyib.
Millət vəkilinin sözlərinə görə, xüsusi qaydada təyin olunan şəxsin yalnız dövlət sektorunda işləyən insan olması barədə qanunda tələb yoxdur: "Fərqi yoxdur ki, o hansı sektorda işləyib, əsas odur hakim olmaq üçün tələblərə cavab verir, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malikdir. Ona görə də mən xahiş edirəm, bu dərəcədə mütərəqqi bir layihəni dar çərçivədə qəbul etməyək, yəni yalnız dövlət orqanları, elmi pedaqoji fəaliyyətlə məhdudlaşdırmayaq. Biz sadəcə qeyd edək ki, xüsusi qaydada yüksək hakim vəzifəsinə təyin edilən şəxslərin əvvəlki iş stajı hakim stajına hesablansın".
Qeyd edək ki, Milli Məclisin plenar iclasında I oxunuşdan keçən qanunda təklif edilən dəyişikliyə əsasən, hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq. Nəzərdə tutulmuş qaydada yüksək hakim vəzifələrinə təyin olunan hakimlərin hüquqşünas ixtisası üzrə dövlət qurumlarında əvvəlki iş stajı, habelə elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanır.
Xəyalə Bünyatova