Bəhruz Məhərrəmov yeni hakim təyinatlarına münasibət bildirdi


  • 21 Dekabr 2021 20:27

"Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu gün bir sıra birinci instansiya məhkəmələrinə hakim və məhkəmə sədrlərinin təyin edilməsi çox vacib hadisədir".

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

"Bildiyiniz kimi, “Məhkəmələr və hakimlər haqqında” qanuna əsasən, hakimlər hakim vəzifəsinə ilk dəfə üç il müddətinə təyin olunurlar. Müddətin sonunda onların fəaliyyəti mənsub olduqları məhkəmələrin sədrləri tərəfindən vəzifələrinin icrasına dair verilmiş rəylər əsasında qiymətləndirilir və bu zaman, həmçinin məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri, Ədliyyə Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirərkən topladığı və Məhkəmə-Hüquq Şurasına təqdim etdiyi məlumatlar, habelə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya yönəldilən işlərin sayı nəzərə alınır. Dəyərləndirmənin yekunu olaraq, əgər hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək uzadılır.

Bu gün cənab Prezidentin Sərəncamı ilə təyin olunanların da böyük əksəriyyəti məhz 2018-ci ildə ilk dəfə təyin olunan, qiymətləndirmə nəticəsində fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməyən, bir sözlə üç illik fəaliyyəti dövründə özlərini doğruldan hakimlərimizdir", - deyə B. Məhərrəmov bildirib.

Onun sözlərinə görə, artıq həmin hakimlər səlahiyyətlərinin son yaş həddinədək hakim vəzifəsində çalışa bilərlər: "Son yaş həddinə gəlincə, qanuna əsasən, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. Bu gün Sərəncamda 95 hakimin məhz qiymətləndirmədən uğurla keçərək səlahiyyətlərinin son yaş həddinədək uzadılması məhkəmə-hüquq sistemimiz adına mühüm hadisədir. Əvvəlcə ona görə ki, hakimlər ilk dəfə təyinata qədər Azərbaycanda və xaricdə dövlət hesabına uzunmüddətli təlimdən keçirlər. Dövlət hər bir hakimin yetişməsi üçün ciddi resurs xərcləyir. Eyni zamanda, təlim mərhələsində hakimliyə namizədin iş yeri və orta əməkhaqqı saxlanılır, işləməyən namizədlərin maddi təminatını Məhkəmə-Hüquq Şurası həyata keçirir. Bütün bunların fonunda hakim təyin olunmuş şəxsin 3 ilin sonunda özünü doğrultmaması təbii ki, ciddi resurs sərf etmiş dövlət üçün arzuolunmaz hal olardı. Digər tərəfdən, hazırda hakimlərin say azlığı şəraitində qiymətləndirmədən keçməyəcək hər bir hakim məhkəmə hakimiyyəti üçün əlavə iş yükü yaratmış olacaqdı".

Millət vəkili qeyd edib ki, özünü doğrultmayacaq hakimin səlahiyyət müddətində verdiyi qərar, hətta ədalətli olsa belə, özlüyündə xoş olmayan təəssürata səbəb ola bilər: "Bütün bunlara sistemli yanaşaraq, cənab Prezidentin bu günkü Sərəncamı ilə təyin olunan hakimlərin uğurlarını dövlətimizin uğuru hesab edir, onların hər birinə hakim andına sadiq qalaraq hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlamağı, yüksək hakim adına hörmət ruhunda davranmağı arzu edirəm".

Oxşar xəbərlər