- 30 İyul 13:01
Rəqəmsal məkanda vətəndaşlarının hüquqları xüsusi qanunla qorunacaq. Bununla bağlı yeni qanun layihəsi hazırlanacaq.
E-huquq.az xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, layihənin hazırlanması zamanı beynəlxalq təcrübədən də geniş istifadə olunacaq: "Beynəlxalq səviyyədə kiberməkanda insan hüquqlarının qorunması ilə bağlı əsaslandırma iki istiqamətdə aparılmaqdadır. Birinci istiqamət ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini alçaldan, yaxud onların peşəkar nüfuzuna xələl gətirən hallara görə məsuliyyətin nəzərdə tutulmasıdır. İkincisi isə mili təhlükəsizliyə təhdid yaradan hallara görə məsuliyyətin nəzərdə tutulması ilə bağlıdır. Hesab edirəm ki, kiberməkanda insan hüquqlarının qorunması bütün cəmiyyət üzvləri üçün çox vacibdir. Bu gün cəmiyyətin bir üzvü əgər kimisə təhqir edib məsuliyyətdən yayına bilirsə, sabah onun özü də təhqirə məruz qala bilər. Bu halda onun kiberməkanda hüquqlarının qorunması zərurəti meydana çıxa bilər. Düşünürəm ki, qanun layihəsi hüquqların qorunması baxımından cəmiyyətin sağlamlaşdırılmasına çox ciddi töhfə verə bilər".
Deputat həmçinin onu da əlavə edib ki, bu qanun layihəsi birbaşa insanların daha məsuliyyətli olmasına zəmin yaradacaq.
Qeyd edək ki, bununla bağlı qanun layihəsində xüsusi cəza və cərimlər nəzərdə tutulacaq.