- 30 İyul 13:01
"Soçidə son "Şuşa"-"Buta" olayı göstərdi ki, tarixi və mədəni abidələr, o cümlədən yer adlarının istifadəsi ilə bağlı nizamlanmalı olan ciddi boşluqlar var. Yəni, hər hansı abidənin, yaxud mənəvi əhəmiyyətə malik yurd yerimizin adını istənilən şəxs istənilən obyektə, birliyə, komandaya verə, yaxud layiqsiz formada istifadə edə bilər və bizim də faktiki olaraq bu prosesə bir başa nəzarət mexanizmimiz yoxdur".
Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində oxşar tənzimləmə mexanizmi mövcuddur: "Mülki Məcəllənin 50.1-1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə, yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz. Düşünürəm ki, eyni yanaşmanı əks rakursdan, tarixi mədəni abidələrə, habelə, yer adlarımıza tətbiq edə bilərik. Mövcud təcrübə bizə imkan verir ki, tarixi mədəni abidələrin, o cümlədən uğrunda qan tökülən, can qoyulan hər hansı kənd, qəsəbə və şəhərimizin adından istifadə edilməsi məsələsini tənzimləyək. Əgər biz İnzibati Xətalar Məcəlləsində, hətta əmtəə nişanlarından qanunsuz istifadəyə görə məsuliyyət müəyyən ediriksə, bu məsələdə niyə normativ tənzimləmə tətbiq etməyək?".
B. Məhərrəmov İnzibati Xətalar Məcəlləsinin İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətaları nəzərdə tutan 38-ci fəslinə, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanunun 4-cü fəslinə qeyd edilən məzmunda yeni maddələrin əlavə edilməsi ilə bağlı dəyişikliyi ehtiva edən layihəni Milli Məclisə təqdim etdiyini vurğulayıb.
"Layihəyə əsasən, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa “Tarix və mədəniyyət abidələri, habelə, mənəvi əhəmiyyətə malik yer adları və rəmzlərdən istifadə” adlı 19-1-ci, İnzibati Xətalar Məcəlləsinə isə "Tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən icazəsiz istifadə" adlı 516-2-ci maddənin əlavə edilməsini təklif edirəm. Dəyişiklik tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən istifadə qaydalarını və bu qaydaların pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutur. Təbii ki, layihənin qiymətləndirilməsi və qəbul edilib-edilməməsi artıq Milli Məclisin səlahiyyətində olacaq", - deyə millət vəkili bildirib.