- 30 İyul 13:01
Xəbər verdiyimiz kimi, Əmanətlərin Sığortalanması Fondu Nazirlər Kabinetinə müraciət edərək, ləğv prosesində olan bank qarşısında öhdəliyin icra edildiyi təqdirdə, ikili girovda olan əmlakların hər iki ipotekasaxlayan tərəfindən yüklülükdən azad edilməsi və Mərkəzi Bankın ləğv prosesində olan bank qarşısında tələblərinin “Banklar haqqında” qanununun 82-ci maddəsinə əsasən təminatsız kreditor tələbi kimi növbəlik qaydasında ödənilməsi məsələsi ilə bağlı şərh verilməsi üçün sorğunun göndərilməsini xahiş edib. Məsələyə Nazirlər Kabinetində baxılıb və Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət olunması qərara alınıb.
Milli Məclisin deputatı Vahid Əhmədov məsələ ilə bağlı e-huquq.az-a açıqlamasında bildirib ki, ikili girovlarla bağlı yaranmış problem çox ciddi məsələdir.
"Son dövrlər Azərbaycanda bir neçə bank bağlanıb. Elə girov var ki, bir bankda qoyulmayıb, bir neçə bankda qoyulub və kreditlər götürülüb. Bunlar problemli məsələlədir. Onun həlli yolu isə faktiki olaraq qanunda öz əksini tapmayıb. Ona görə də sorğu verilib ki, Konstitusiya Məhkəməsi bu kimi məsələlərin necə həll olunması ilə bağlı qərar qəbul etsin", - deyə deputat qeyd edib.