Əlilliyi olan şəxslərin şəxsiyyətinə toxunacaq anlayışlar Azərbaycan qanunvericiliyindən çıxarılır


  • 20 İyun 17:20

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

E-huquq.az xəbərinə görə, komitə sədri Bəxtiyar Əliyevin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 1 məsələ daxil edilib.

İclasda B.Əliyev “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlara dəyişiklik layihəsi barədə deputatlara ətraflı məlumat verib.

Gündəliyin təsdiqindən sonra Bəxtiyar Əliyev qanun layihəsinin komitənin profilinə uyğun baxılacaq 3-cü, 10-cu, 11-ci və 12-ci maddələri barədə məlumat verib. Komitə sədri bildirib ki, bu maddələrdə təhsillə bağlı qanunlara təklif olunan dəyişikliklər, əsasən termin dəqiqləşdirilməsi ilə bağlıdır və texniki xarakter daşıyır. Belə ki, dəyişikliklərdə “nitq qüsuru”, “kar”, “kor”, “əqli cəhətdən geri qalanlar” kimi anlayışların müvafiq olaraq “nitq pozuntusu”, “eşitmə qabiliyyəti tam məhdud olanlar”, “görmə qabiliyyəti tam məhdud olanlar”, “əqli geriliyi olanlar” sözləri ilə əvəzlənməsi təklif edilib.

Azərbaycanda həyata keçirilən sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, yaradılan qanunvericilik bazasından söhbət açan komitə sədri müzakirəyə çıxarılan qanun layihəsinin əlilliyi olan şəxslərin hüquqlarının, xüsusən onların təhsil hüquqlarının müdafiəsinə yönəldiyini bildirib. Bəxtiyar Əliyev termin dəyişikliyinin sağlamlığı məhdud olan vətəndaşların şəxsiyyətinə toxunacaq və onların cəmiyyətə inteqrasiyasına maneçilik törədə biləcək anlayışlardan, müraciətlərdən və münasibətlərdən uzaqlaşmaq, onların inklüziv təhsilə və cəmiyyətə inteqrasiyası üçün maneəsiz mühit yaratmaq baxımından əhəmiyyətini vurğulayıb.

Qanun layihəsinin müzakirəsində Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitə üzvləri Eldar Quliyev, İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Etibar Əliyev, Kamilə Əliyeva, Pərvin Kərimzadə, Anar İsgəndərov, Müşfiq Məmmədli çıxış ediblər. Millət vəkilləri qanun layihəsini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, şəxsiyyətlərinin inkişafı və təhsilin bütün mərhələlərində təhsilə cəlb olunmaları baxımından əhəmiyyətini qeyd ediblər, dəyişikliklərlə bağlı təkliflərini və fikirlərini səsləndiriblər.

Müzakirələrin sonunda millət vəkilləri qanun layihəsini baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Tamam Cəfərova, Afət Həsənova və digər rəsmi şəxslər iştirak ediblər.

Oxşar xəbərlər