Politoloq: "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınıb


  • 8 Sentyabr 2022 16:15

""Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılması iştirakçı tərəflərin maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir".

Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, "Siyasi partiyalar haqqında” yeni qanun qəbulu zəruri idi. Çünki hazırkı qanun 1992-ci ildə qəbul olunub və artıq həmin dövrdən 30 il keçir: "Bu müddətdə isə ölkədə yeni siyasi mühit, yeni siyasi münasibətlər formalaşıb ki, bu da təbii olaraq müvafiq qanunun təkmilləşdiriməsini zəruri edir. Sevindirici haldır ki, yeni qanunla bağlı layihənin hazırlanması prosesi demokratik və şəffaf formada təşkil edilib. Belə ki, qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə Milli Məclis hələ iyulun 26-da açıqlama vermişdi və ilk dəfədir ki, qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. Sentyabrın 28-nə isə qanun layihəsi ilə bağlı ilk ictimai dinləmənin keçirilməsi təyin edilib".

Politoloq qeyd edib ki, digər əhəmiyyətli məqam qanun lahiyəsinin hazırlanması prosesində ölkəmizdə mövcud olan siyasi partiyaların yaxından iştirakı ilə bağlıdır: "Belə ki, iyulun 26-da Milli Məclis layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət etməsindən sonra 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Başqa sözlə desək, siyasi partiyalara adı çəkilən qanunla bağlı təklifləri təqdim etmək üçün geniş imkanlar yaradılıb. Hansı partiyaların konkret hansı təkliflərlə çıxış etdiyini bilməsəm də, əminəm ki, qanun layihəsində həmin təkliflərə də geniş yer verilib".

Y. Bağırzadənin sözlərinə görə, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb: "Məlumdur ki, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinə dair 2010 və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr var və rəsmi məlumatlarda da məhz həmin tövsiyyələrin nəzərə alındığı, eləcə də 20-dən artıq ölkənin təcrübəsinin öyrənildiyi qeyd edilir. Bu məqam qanun layihəsinin beynəlxalq prinsplərinə uyğun olaraq hazırlanmasının göstəricisidir. Onu da nəzərə almaq lazımdır ki, hazırda Milli Məclisin rəsmi səhifəsində yerləşdirilmiş layihə ilkin variantdır və əminəm ki, sentyabrın 28-i keçiriləcək ilkin ictimai dinləmə, həmçinin növbəti ictimai dinləmə zamanı siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri də nəzərə alınacaq. Nəticədə ortaya yeni təkmil qanun çıxacaq”.

Oxşar xəbərlər