Milli Məclis DSMF-nin 2023-cü il büdcəsini qəbul etdi


  • 9 Dekabr 2022 11:16

Parlamentdə “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

E-huquq.az xəbər verir ki, qanun layihəsinə əsasən, gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6263,97 milyon manat, xərcləri 6263,97 milyon manat proqnozlaşdırılır.

DSMF-in gəlirlərinin 2022-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən (2022-ci ilin əvvəlinə fondun xəzinə hesablarında qalmış 570,07 milyon manat maliyyə ehtiyatları nəzərə alınmadan) 657,70 milyon manat və ya 11,73 faiz çox olması nəzərdə tutulur. Fondun 2023-cü il üzrə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin həcminin isə 4783, 6 milyon manat və ya ümumi gəlirlərin 76,37 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır. Bu da 2022-ci ilin təsdiqlənmiş proqnoz məbləği göstərici ilə müqayisədə 9,67 faiz və ya 421,9 milyon manat çoxdur.

2023-cü ildə dövlət büdcəsindən ayrılmaların (transfertin) məbləğinin proqnozu 1467,77 milyon manat nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq olunmuş proqnozundan 235,80 milyon manat və ya 19,4 faiz artıqdır.

Fondun 2023-cü ildə xərcləri 6263,97 milyon manat proqnozlaşdırılır, bu da 2022-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 657,7 milyon manat və ya 11,73 faiz çoxdur. Növbəti il üçün fondun balanslaşdırılmamış büdcəsi isə 7204,15 milyon manat və ya proqnozlaşdırılmış xərclərdən 980,68 milyon manat çox nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər