- 19 May 16:08
Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məsələlərdən biri də qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin (700-ə yaxın iş yeri) siyahısına yenidən baxılması və bu iş yerlərinin sayının azaldılması məsələsidir.
E-huquq.az xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dekabrın 15-də keçirilən iclasında təqdim olunan illik hesabatında öz əksini tapıb.
Hesabatda bildirilir ki, qadınların məşğulluq imkanlarının genişləndirilməsi və qadınların daha yüksək əmək haqqı ödənilən sahələrdə çalışmasının təmin edilməsi məqsədilə Əmək Məcəlləsində, eləcə də bu sənəddən irəli gələn normativ hüquqi aktlarda dəyişiklik “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadın əməyinin tətbiqi qadağan olunan iş yerlərinin müəyyən edilməsi üçün zərərli maddələrin və istehsalat mühiti amillərinin Siyahısı”nın təsdiq edilməsi nəzərdə tutulur.
Beləliklə, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən ediləcək, eyni zamanda, qadağan edilən bu peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara şamil ediləcək. Bu da təbii olaraq, əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulması, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranmasına imkan verəcək.