- 23 Aprel 14:02
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliyə etirazını bildirib. O, parlamentin iclasında qanun layihəsinin əleyhinə səs verib.
Məsələ ilə bağlı e-huquq.az-a danışan deputat bildirib ki, təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasına və əmək pensiyasına əlavəyə artıq ödənilmiş məbləğin son 3 il üzrə hissəsindən tutulma həyata keçiriləcək. Yəni, əgər dövlət orqanı vətəndaşa səhvən 10 il artıq məbləğdə pensiya ödəyibsə, onun yalnız son 3 ili üzrə artıq ödənilmiş vəsait geri qaytarılacaq.
"Əvvəlcə onu qeyd edim ki, məsələni konseptual formatı qəbulediləndir. Bəli, müəyyən mənada artıq ödənilmiş pul qaytarılmalıdır. Digər tərəfdən, qanun layihəsində artıq ödənilmiş məbləğin tutulma müddətinin 3 ilədək məhdudlaşdırılması özlüyündə humanist yanaşmadır. Amma mövcud situasiyada bu yanaşma faydalıdırmı? Aydındır ki, vətəndaşa pensiya iki səbəbdən artıq ödənə bilər. Birincisi, pensiyaçı ilə dövlət qurumunun əməkdaşı cinayətkar əlaqəyə girməklə məbləğ qəsdən şişirdilə bilər. İkincisi isə, tam texniki olaraq dövlət qurumu əməkdaşının təsadüfi səhvi artıq məbləğin ödənilməsinə səbəb ola bilər. İlk halda, əgər sənədləri saxtalaşdırmaqla, vətəndaş və vəzifəli şəxs cinayətkar əlaqəyə girməklə artıq ödəniş olubsa, bu, qəsdən törədilən ictimai təhlükəli əməldir. Daha dəqiq desək, Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin törədilməsi deməkdir. Cinayət yolu ilə əldə olunan əmlakın isə yalnız son 3 ildəki hissəsinin qaytarılma tələbi hüququn təməl prinsiplərinə ziddir", - deyə B.Məhərəmov qeyd edib.
Onun sözlərinə görə, əgər pensiya təsadüfən səhv hesablanıbsa, bu vətəndaşın məsələsi olmamalı, yanlışlığa görə aidiyyəti orqanın vəzifəli şəxsi həm dövlətə dəyən ziyana, həm də vətəndaşda əsası olmayan gözlənti hüququ formalaşdırdığına görə məsuliyyət daşımalıdır: "Avropa İnsan Hüquqları Məhkəməsinin "Saghinadze və başqaları Gürcüstana qarşı" iş üzrə 27 may 2010-cu il tarixli Qərarında da deyildiyi kimi, "gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yəni vətəndaş öncədən nə qədər pensiya alacağını bilmədiyi üçün onun müvafiq dövlət qurumunun hesablamasını şübhə altına alması üçün əsası olmur. Pensiyaçı da büdcəsini məhz dövlət orqanının rəqəminə görə müəyyən edib, büdcələməsini məhz bu gözlənti əsasında həyata keçirir. Belə olan halda, hesab edirəm ki, nəinki yalnış hesablanmış məbləği geri almaq, bütövlükdə məbləğin azaldılması belə hüquqi baxımdan sual doğurur".