Milli Məclis “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri qəbul etdi


  • 24 Fevral 2023 15:24

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

E-huquq.az xəbər verir ki, Layihəyə əsasən, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi orqanın rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Müvafiq vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmayacaq.

Dövlət qulluqçularının potensialından düzgün istifadə edilərək hərtərəfli inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və motivasiyasının təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli istifadə edilməklə, dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdırılacaq. Bunun üçün müəyyən edilən qaydada dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanacaq.

Layihəyə əsasən, inzibati vəzifələrin 1-ci təsnifatı da genişləndirilir. Qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Baş nazirin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin sədrlərinin müşavirləri və köməkçiləri vəzifələri inzibati vəzifələrin 1-ci təsnifatına daxil ediləcək.

Həmçinin qanuna təklif edilən digər dəyişikliklə Prezident Administrasiyası rəhbərinin köməkçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müşaviri, köməkçisi, Milli Məclis sədrinin müavininin və Baş nazirin müavininin köməkçiləri vəzifələri də inzibati vəzifələrin 2-ci təsnifatında yer alacaq.

Qanuna təklif edilən daha bir dəyişikliklə dövlət orqanlarında inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

“Dövlət qulluğu haqqında” qanuna təklif edilən başqa bir dəyişikliyə əsasən, dövlət qulluqçularına pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmağa icazə verilməyəcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, dövlət qulluqçusunun elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq hüququ var.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər