Deputat cərimələrin artırılması ilə bağlı qanun layihəsini şərh etdi


  • 8 İyun 2023 10:28

Məlum olduğu kimi, Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda qəbul edildi. Layihəyə əsasən, Məcəlləyə 15 maddə üzrə 60-dan artıq dəyişiklik təklif edilir, həmçinin yeni 333-1 və 334-1, 343-1-ci maddələrin əlavə edilməsi nəzərdə tutulur.

Deputat, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov e-huquq.az-a açıqlamasında bu dəyişikliklərin üç mühüm istiqaməti əhatə etdiyini deyib.

"Birinci istiqamət nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi anlayışında dəqiqləşdirmə aparmaqdır, hansı ki, bu, çox vacibdir. Bildiyiniz kimi, mövcud qanunvericilikdə nəqliyyat vasitəsini idarə edən şəxsə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunmasına görə eyni sanksiya tətbiq olunurdu. Yəni qanında alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olan, lakin ətraf üçün təhlükə yaratmayan, özünü sərbəst idarə edə bilən şəxslə, narkotik vasitənin təsiri altında olan, təhlükə saçan sürücü arasında qanunvericiliklə heç bir fərq qoyulmurdu. Lakin cari dəyişiklik artıq bu hallar arasında, eyni zamanda onların sanksiyalarında kəskin sərhəd qoyur", - deyə deputat bildirib.

B.Məhərrəmov qeyd edib ki, ikinci konseptual istiqamət qanun layihəsi ilə bir qisim cərimələrin artırılmasının nəzərdə tutulmasıdır:

"İlk növbədə, işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, tələblərə riayət etməyərək sola və ya geriyə dönməyə görə nəzərdə tutulan altmış manat məbləğində cərimə səksən manata qaldırılır.

Habelə, 327.3-cü maddənin dispozisiyası genişləndirilir, əgər əvvəllər yalnız dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə nəzərdə tutulurdusa, dispozisiyaya dəmir yol keçidlərindən kənar yerdən keçmə də əlavə edilir və cərimə yüz manata qaldırılır.

Habelə, nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə cərimə yüz manatdan yüz əlli manata qaldırılır.

Eyni zamanda nəqliyyat vasitəsini alkoqoldan istifadə nəticəsində sərxoş şəkildə bir il ərzində təkrar idarə etməyə görə hazırkı qanunvericilikdə dörd yüz manatdan beş yüz manata qədər nəzərdə tutulan cərimələr konkret olaraq beş yüz manat müəyyən edilir.

Həmçinin piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimənin yüz manatdan yüz əlli manata qaldırılması təklif edilir.

Bundan başqa, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə cərimə altmış manatdan yüz manata qaldırılır.

Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslərin yüz manatdan yüz əlli manatadək məbləğdə müəyyənləşən cəriməsi beş yüz manatdan səkkiz yüz manatadək, hüquqi şəxslərə isə min manatdan min iki yüz manatadək nəzərdə tutulan məbləğin iki min manatdan üç min manatadək artırılması təklif edilir.

Həmçinin 3 maddə üzrə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə cərimə iki yüz manatdan üç yüz manata, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasının aşağı sanksiyası isə altı ay müəyyən edilir".

Deputat deyib ki, cəmiyyətin diqqətini ən çox cəlb edən məsələ yolda müəyyən edilmiş hərəkət sürətininin aşılması ilə bağlı cərimələrin yüksəldilməsidir: "Beləliklə, sürəti 41-60 km/saat həddində aşmağa görə inzibati cərimə yüz əlli manatdan iki yüz manata, hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə isə iki yüz əlli manatdan üç yüz manata qaldırılır. Diqqət etdiyiniz kimi, daha çox müşahidə olunan, hərəkət sürətini 10-20 və 21-40 km/saat həddində aşmağa görə cərimələrdə artım yoxdur".

Dəyişiklik layihəsinin üçüncü istiqamətinə gəlincə isə, B.Məhərrəmov bu istiqamətinin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasını əhatə etdiyini bildirib: "Əgər əvvəllər dörd halda bu hüquq məhdudlaşdırıla bilərdisə, dəyişikliklə bu sıraya daha iki hal, nəqliyyat vasitəsini narkotik vasitə, psixotrop və ya güclü təsir edən digər maddələrin təsiri altında idarə etməyə görə, habelə, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən bir il ərzində təkrar imtina etməyə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılacaq".

Deputat layihənin çox sadə, eyni zamanda mütərəqqi və beynəlxalq təcrübədə qəbul olunan konsepsiya olduğunu vurğualyıb.

"Amma təəssüf ki, bəzən məsələlər məqsədli şəkildə o qədər mahiyyətindən kənarlaşır ki, insanlar sözün əsl mənasında çaş-baş qalır. Bu məsələdə də həmçinin. Bir həftəyə yaxındır cərimələrin artırılması məsələsi cəmiyyətdə müzakirə olunur, amma gəlin kommunikasiya edilən fikirlərin çəkisinə baxaq, bu tezislərin nə qədəri layihənin həqiqi mahiyyətini əks etdirir? Belə bir mühüm məsələni sosial müstəviyə endirmək, sosial durumla, dolanışıqla əlaqələndirmək nəyə lazımdır? Ona görə də bütün yanlış məqsədli cəhdlərə rəğmən, birmənalı şəkildə deməliyik ki, layihə çox zəruri məqamları ehtiva edir və ilk növbədə elə cəmiyyətin özünün sifarişidir", - deyə o əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər