Bu hallarda hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasından imtina ediləcək - AÇIQLAMA


  • 23 May 10:33

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi bu sahədə tamamilə yeni, lakin labüd normalar müəyyən edir.

E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

"Məlumdur ki, Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə, bilirsiniz ki, bu proseslər mütləq qaydada artıq rəqəmsallaşdırılıb. Lakin, sirr deyil ki, elektronlaşma özlüyündə yeni yanaşmaları zəruri edir. Cari layihə də məhz bu yeni zərurətlər fonunda elektron qeydiyyat prosedurunun həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin daha təkmil formada tənzimlənməsini nəzərdə tutur. Dəyişikliyə əsasən, ilk növbədə yerli və xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı prosedurları fərqləndirilir. Xarici investisiyalı MMC-nin elektron qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduqda onun qeydiyyatını təsdiq edən sənədlərin digər informasiya sistemlərinə ötürülməsinin yeni qaydası müəyyən edilir", - deyə deputat bildirib.

O, həmçinin qeyd edib ki, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınmasından imtinanın qanunvericilik əsaslarına dair yeni hallar əlavə edilir: "Bildiyiniz kimi, hazırda hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından və ya dövlət reyestrinə daxil edilməsindən 6 halda imtina edilməsi nəzərdə tutulur. Təkliflə isə obyektivliyi və qəbuledilənliyi şübhə doğurmayan daha 12 əlavə hal müəyyən edilir. Məsələn, nümunə olaraq göstərə bilərik ki, eyni adlı hüquqi şəxs artıq qeydiyyata alınıbsa, yaxud dövlətin təsis etmədiyi, yaxud dövlət payı olmayan hüquqi şəxsin təklif edilən adı onun dövlət orqanı ilə bağlı olması təəssüratı yaradarsa, həmin adla müraciət edən şəxsə imtina veriləcək. Yaxud təklif olunur ki, hüquqi şəxslərin adında milli qəhrəmanların və şəhidlərin adlarından icazəsiz istifadə edilməsinə yol verilməsin. Bundan başqa, dəyişiklik hüquqi şəxsin adında istifadəsi qadağan edilən simvollara dair ümumi qaydalar müəyyən edir. Məsələn, Azərbaycan əlifbasında olan hərflər, nöqtə, vergül, dırnaq, defis və nömrə işarələri istisna olmaqla digər simvollardan istifadə qəbul olunmayacaq".

B.Məhərrəmovun sözlərinə görə, təsisçisi və ya qanuni təmsilçisinin adının terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olması qeydiyyata alınma və ya dövlət reyestrinə daxil edilmə üçün məhdudiyyət hesab ediləcək: "Bu isə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 2023-cü il fevralın 1-dən qüvvəyə minən "Hədəfli maliyyə sanksiyaları haqqında" Qanuna uyğunlaşdırılmasına dair qarşıda duran vəzifənin icrası deməkdir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər