- 3 Oktyabr 10:15
Valideyn-namizədə uyğun uşağın, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideynin seçilməsi və onların görüşlərinin təşkilinə dəyişiklik edilib.
E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 (bir) ay müddətində azı 20 (iyirmi) saat olmaqla görüşü təşkil ediləcək.
Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 10 (on)) gün müddətində 6 (altı) saatadək qısalda bilər.
Sosial işçi bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulmuş müddətdə 10 (on) saatdan az olmayaraq, bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş halda isə bütün müddət ərzində valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edəcək.
İndiyə qədər valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 2 (iki) ay müddətində ayda ən azı 40 (qırx) saat olmaqla görüşü təşkil edilirdi.
Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 (iyirmi) gün müddətində 12 (on iki) saatadək qısalda bilərdi.
Bu Qaydanın 7.4-cü və 7.5-ci bəndlərində nəzərdə tutulmuş müddətdə sosial işçi hər ay ərzində 8 (səkkiz) saatdan az olmayaraq valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edirdi.