- 16:57
"Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, Azərbaycanın əsas qanunu ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun proqram sənədidir. :"Bu fikrin düzgünlüyü özünü ilk növbədə onda göstərir ki, dövlətimiz bütövlükdə Konstitusiya əsasında qurulmuşdur və fəaliyyət göstərir. Konstitusiyada hüquqi dövlətin əsas prinsiplərindən biri olan hakimiyyət bölgüsü geniş əks etdirilmiş, qanunvericilik hakimiyyətinin Milli Məclis tərəfindən həyata keçirilməsi müəyyən edilib. Bu baxımdan, eyni zamanda, Ulu Öndərin peşəkar qanunvericilik orqanının formalaşmasına verdiyi töhfələri nəzərə alaraq, biz qürurla söyləyirik ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, Konstitusiyamızın yaradıcısı olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir".
Şəbnəm Mehdizadə