- 16:57
"Azərbaycan 30 ilə yaxın müddətdə böyük ədalətsizlik ilə üz-üzə qalmışdı. Dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Bu dövrdə yüz minlərcə soydaşımız, əslində, bütün xalqımız köçkünlük taleyinin ağrı-acısını yaşayırdı, onun şəhər və kəndləri yer üzündən silinmiş, milli-mənəvi və tarixi mirası talan edilmişdi. Bütün bu illər ərzində Azərbaycan problemin dinc yolla nizama salınmasına çalışırdı. Bəzi qlobal oyunçuların laqeydliyinə və fəaliyyətsizliyinə baxmayaraq, dövlətimiz özünün haqlı mövqeyindən bir addım da geri çəkilməmişdi. Təəssüf ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün göstərilən bu cəhdlər bir nəticə vermədi və indi görürük ki, nəticə verə də bilməzdi. Çünki ölkəmizin işğal edilmiş ərazilərinin aqibəti barəsində dünyanın böyük güclərinin başqa planları var idi".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, nəhayət, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış böyük potensial, güclü ordu və sarsılmaz milli birlik Ulu Öndərin müəllifi olduğu müasir dövlətçilik konsepsiyasının ən mühüm istiqamətlərindən birində möhtəşəm uğurlar əldə etməyə imkan verdi: "Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatında tarixi qələbələri təmin etdi. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olundu. Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılmış tarixi missiyanın layiqincə başa çatdırılması ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsini də bərpa etdi".
"Bunlar, sadəcə, qələbələr deyildi, dağıntı mənzərələrini ümid rəmzinə çevirməyə qadir olan milli ruhun təntənəsi idi. Azərbaycan öz hüquqlarını bərqərar etmək üçün beynəlxalq hüquq çərçivəsində necə hərəkət etməyin lazım olduğu baxımından bütün dünyaya nümunə göstərdi", - deyə sədr qeyd edib.
Şəbnəm Mehdizadə