Sahil Babayev Macarıstan şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib


  • 18:34

Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu təşkil olunub.

E-huquq.az xəbər verir ki, maliyyə naziri Sahil Babayev hökumətlərin əməkdaşlıq üçün razılaşma çərçivəsini müəyyənləşdirdiyini deyib.

Qeyd edib ki, biznes ictimaiyyəti və investorlar isə həmin razılaşmaları konkret layihələrə çevirirlər. Onun sözlərinə görə, biznes forum tərəfdaşlıqların qurulması, innovasiyaların təşviqi və yeni bazarlara çıxış baxımından mühüm platforma rolunu oynayır.

S.Babayev Macarıstan şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib, eyni zamanda, Azərbaycan şirkətlərinin də Macarıstanda və Avropa İttifaqında yeni inkişaf imkanlarını səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.

“Azərbaycan ilə Macarıstan arasındakı dostluq və etibarlı tərəfdaşlıq gələcək əməkdaşlıq üçün güclü təməl yaradır. Gələcək tərəqqi biznes ictimaiyyətinin yaradıcılığı və ambisiyalarından asılı olacaq. Əminəm ki, bu gün mübadilə edilən fikirlər ümidverici təşəbbüslər və uzunmüddətli uğurlara yol açacaq,” – deyə S.Babayev qeyd edib.

Forum çərçivəsində ikitərəfli ticarətin genişləndirilməsi, investisiyaların təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, enerji, yaşıl iqtisadiyyat, ərzaq təhlükəsizliyi və nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda, AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan, o cümlədən Qarabağ bölgəsinin investisiya imkanları ilə bağlı geniş təqdimatla çıxış edərək, Macarıstan sahibkarlarını ölkəmizin dinamik inkişaf edən iqtisadiyyatı və əlverişli investisiya mühiti ilə yaxından tanış olmağa və bu potensialdan faydalanmağa dəvət edib.

Forum çərçivəsində Azərbaycanın “Hieronica Limited” şirkəti ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) arasında Anlaşma Memorandumu imzalanıb.

Oxşar xəbərlər