İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib - FOTO


  • 12:05

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

E-huquq.az xəbər verir ki, dövlət başçısı bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirib.

Dövlət başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu deyib, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirib.

"Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın" deyən Prezident İlham Əliyev Azərbaycanın timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğulayıb.

Dövlət başçısı bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Qəbula görə minnətdarlığını bildirən Əziz Nəsirzadə ilk növbədə İran Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.

Ölkəmizə İranın dövlət başçısının göstərişi ilə səfərə gəldiyini deyən qonaq Məsud Pezeşkianın Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğulayıb. O həmçinin qeyd edib ki, İran Prezidenti ölkəmizə, o cümlədən Xankəndiyə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı ölkələr arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafı qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər