- 17:53
Azərbaycan ilə ABŞ arasında əlaqələr sürətlə inkişaf edir və münasibətlər yeni mərhələyə qədəm qoyub.
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ-a səfəri, 8 avqust tarixində keçirilən görüşlər və Davos Forumunda aparılan danışıqlar göstərir ki, iki ölkə arasında münasibətlər müsbət dinamikada inkişaf edir. ABŞ vitse-prezidentinin səfəri çərçivəsində imzalanan sənədlər də əməkdaşlığın geniş perspektivlərə malik olduğunu göstərir.
"Bu, o deməkdir ki, ABŞ Azərbaycanın əsas müttəfiqlərindən biridir və hazırda iki ölkə arasında qarşılıqlı əməkdaşlığa böyük əhəmiyyət verilir. Bu istiqamətdə davamlı addımlar atılır və mühüm işlər görülür", - deyə C.Məmmədov vurğulayıb.
Deputat qeyd edib ki, Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan üçün əhəmiyyətli məsələlərdən biri olan ərazi bütövlüyü məsələsini ön plana çıxarır, həmçinin iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin inkişafına şərait yaradır. O bildirib ki, Azərbaycan uzun müddətdir ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlıq edir və Xartiyanın imzalanması ilə bu əlaqələr iqtisadi sahədə də güclənəcək.
C.Məmmədov həmçinin vurğulayıb ki, ABŞ-nin aparıcı şirkətləri və Ticarət Palatası nümayəndələrinin Prezident İlham Əliyevlə görüşləri ölkəyə sərmayələrin cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir: "Bu gün ABŞ-nin ölkəmizə sərmayə yatırması bizim üçün çox vacibdir. Ölkələr arasındakl əməkdaşlıq müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik, hərbi və texnologiya sahələrində gücləndiriləcək ki, bu da hər iki ölkə üçün faydalı olacaq".
Deputatın sözlərinə görə, iki ölkə arasında süni intellekt sahələrdə birgə layihələr planlaşdırılır ki, bu da öz töhfəsini verəcək: "Prezident İlham Əliyev süni intellekt sahəsində ciddi tapşırıqlar verib və Azərbaycanda Süni İntellekt Akademiyasının yaradılması istiqamətində artıq işlərə başlanılıb. ABŞ-nin bu sahədə böyük təcrübəsi mövcuddur və Azərbaycan bu təcrübədən faydalanmaq istəyir. Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün hər iki ölkə işçi qruplar yaradacaq. Bu qruplar işlərin koordinasiyalı şəkildə icrasına nəzarət edəcək və məsul tərəfləri dəqiq müəyyən edəcək".
Şəbnəm Mehdizadə