- 10 Avqust 23:12
10 avqust tarixində Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüş keçirib.
XİN-dən e-huquq.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə arasında tərəfdaşlığın geniş spektr üzrə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı, xüsusilə, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi, eləcə də Bakı İqtisadi Dialoqunun nəticələri diqqət mərkəzində olub.
Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, təhlükəsizliyin və rifahın təşviqinə xidmət edən məsələlər üzrə sıx qarşılıqlı əlaqələrin davam etdirilməsinə və məsləhətləşmələrin aparılmasına hazır olduqlarını təsdiqləyiblər.