Dövlət başçısı: "Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir"


  • 25 İyun 2020 22:58

“Yerli istehsala gəldikdə, deyə bilərəm ki, mənim Sərəncamımla 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bizdə heç vaxt hərbi sənaye yox idi. Əgər biz bunu yaratmasaydıq, bu gün böyük problemlərlə üzləşə bilərdik. Amma indi nəinki özümüzü bir çox hərbi təyinatlı məhsullarla təmin edirik, ixrac da edirik və ixrac coğrafiyamız artıb. Biz onlarla ölkəyə hərbi məhsul ixrac edirik. Heç 15 il bundan əvvəl bu haqda fikirləşmək də əbəs idi. Onu kimsə desəydi, bəlkə də inanmazdılar. Amma bu, reallıqdır. Reallığı biz yaradırıq, öz əllərimizlə, öz gücümüzlə, öz iradəmizlə”.

E-huquq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edərkən səsləndirib.

Dövlət başçısı bildirib ki, ona görə bütün bu amillər - orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də əlbəttə ki, döyüş qabiliyyətinin artırılması – bunlar əsas amillərdir: “Əlbəttə ki, vətənpərvərlik. Ona görə hər bir hərbi hissədə ideoloji tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Buna bütün rəhbər heyət cavabdehlik daşıyır ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüsünlər, müstəqilliyin qədrini bilsinlər. Bilsinlər ki, müstəqillik bizə asan başa gəlməyib. Bilsinlər ki, bu gün müstəqilliyi qorumaq, onu möhkəmləndirmək bir çox ölkələr üçün böyük məharət tələb edir. İndi dünya xəritəsinə baxmaq kifayətdir ki, görək, adı var, amma faktiki olaraq müstəqil ölkə deyil. Nə üçün? Çünki müstəqil siyasət apara bilmir, başqasının təsiri altındadır. Biz son vaxtlar nə qədər belə ölkə görmüşük ki, özünü qoruya bilmir, faktiki olaraq parçalanır, məhv edilir, insanlar həlak olur, bütün infrastrukturu dağıdılır. Nəyə görə? Çünki özlərini qoruya bilmədilər. Qorumaq üçün gərək həm güc, həm də güclü iradə, inam olsun.

Ona görə mən sizə tapşırıram, bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Çünki mən bunu dəfələrlə demişəm, əfsuslar olsun ki, biz real tariximizi bilməmişik. Günah da bizdə deyil, çünki belə oxumuşuq, bizə belə dərs veriblər. Sovet vaxtında tarix dərslərinin çoxu saxta idi. Azərbaycan xalqının düşmənləri qəhrəman kimi qələmə verilirdi. Quldur 26 Bakı komissarı dəstəsi qəhrəman kimi təqdim edilirdi. O dəstənin başında dayanan cinayətkar erməni millətçiləri qəhrəman kimi təqdim olunurdu. Onların adına rayonlar verilirdi, onlara abidələr qoyulurdu. Azərbaycan xalqının cəlladı Şaumyana abidə qoyulmuşdu, onun adı əbədiləşdirilmişdi. Biz bu tarixi görmüşük. Yenə də günah bizdə deyil. Sovet hakimiyyətinin tarixi bu idi. Müstəqilliyi quranlar düşmən kimi qələmə verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi. Küçələrə onların adları verilir, onlara abidələr, monumentlər qoyulurdu. Bəlkə də yaddan çıxıb, Sahil bağında 26 Bakı komissarlarına abidə qoyulmuşdu. Mən fikirləşdim ki, bu, nə məsələdir. Bunlar Azərbaycan xalqının qanını axıdıblar, bizi məhv ediblər. Heç şəhərin mərkəzində belə abidəmi olar? O abidə də və o quldur dəstəsinin üzvlərinin abidələri də söküldü və düz də etmişəm. Bütün dini ayinləri gözləmək şərti ilə onların qəbirləri oradan köçürüldü. Ancaq bu, dözülməz idi ki, şəhərimizin mərkəzində Azərbaycan xalqının düşmənlərinə abidə ucaldılıb.

Ona görə mən deyirəm, bizim gənclər bu tarixi bilməlidirlər, qədim tariximizi bilməlidirlər. Bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb, bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Mən gedirəm, haradasa xəritədə sonra dəyişdirilmiş erməni adlarını görürəm. Bütün yerli icra orqanlarına irad tuturam ki, bilmirsiniz, gedin soruşun. Fikirləşin nə yazırsınız, axı, bunun qədim Azərbaycan adı var. Bu, bizim torpağımızdır. Ona görə, bu sahəyə xüsusi diqqət göstərməliyik. Orduda xidmət edən hər bir gənc tərxis olunandan, mülki həyata qayıdandan sonra öz tarixini olduğu kimi bilməlidir”.

Oxşar xəbərlər