“Yaxşı olardı ki, rayonlara gediş-gəlişə icazə verilsin” – Millət vəkili


  • 4 Avqust 17:28

“Birdən-birə tam yumşalmaya getmək ciddi problemlərin yaranmasına səbəb ola bilər”.

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün sərtləşdirilmiş karantin rejimi ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, müvafiq qərarlar qəbul edilərkən çox ciddi təhlillər aparılır və yoluxmaların artmasının qarşısını almaq üçün yumşalmalar mərhələli şəkildə həyata keçirilir.

“Fikrimcə, sərt karantin rejimi ilə bağlı verilmiş son qərar çox düşünülmüş qərardır. Ümumiyyətlə, Operativ Qərargah bu qərarları verməzdən öncə kifayət qədər təhlillər aparılır, bütün hallar nəzərə alınır. Çünki yeni yoluxma hallarının artması riski çox böyükdür. Bilirsiniz ki, aprel ayının 27-dən sonra sərt karantin rejiminin yumşalması ilə yoluxmaların sayı kəskin şəkildə artdı. Məlumdur ki, inkişaf etmiş ölkələrin səhiyyə sistemi belə koronavirusla mübarizədə acizdir. Lakin Azərbaycanda bu proseslər tənzimləndi. Qısa zaman ərzində 10 modul tipli xəstəxana tikildi, bir çox yeni karantin mərkəzləri açıldı. Həmçinin, ölkəmizdə koronavirusla mübarizəyə Rusiya, Türkiyə, Kuba, İtaliya, Çin və digər ölkələrdən mütəxəssislər cəlb edildi. Hər birimizin arzusudur ki, sərt karantin qaydaları ləğv edilsin, tezliklə normal həyata qayıdaq. Çünki insanların aylarla evdə oturması müəyyən stress və depressiyaya səbəb olur. Karantin qaydalarını qəbul edənlər də bunun fərqindədirlər. Ancaq reallıq bundan ibarətdir ki, birdən-birə tam yumşalamaya getmək ciddi problemlər yarada bilər. Əgər hazırki qaydaların effekt verdiyi təsdiqlənsə, yəqin ki, bu məsələlərə yenidən baxılacaq”, - deyə o bildirib.

Millət vəkili ictimai iaşə obyektləri ilə bağlı məsələyə də toxunub. O, müəyyən qaydalara əməl olunmaqla ictimai iaşə obyektlərinin fəaliyyətinin bərpasının mümkün ola biləcəyini qeyd edib:

“Sosial məsafə qaydalarını gözləməklə, gigiyenik qaydalara riayət etməklə, müştərilərin mütləq qaydada maska taxması şərtilə ictimai iaşə obyektlərinin fəaliyyətini bərpa etmək lazımdır. Bununla həm insanların sosial şəraiti yaxşılaşar, həm də iqtisadi fəallıq təmin olunar. Hesab edirəm ki, biz artıq cəmiyyəti koronavirusla yaşamağa öyrəşdirməliyik. Çünki koronavirusa qarşı vaksinin nə zaman hazır olacağı bəlli deyil. Ona görə də ictimai iaşə obyektlərinin sahibləri ilə müvafiq təlimatlar aparmaqla tədricən onların işini bərpa etmək olar. Eyni zamanda cəmiyyəti də bu məsələ ilə bağlı maarifləndirmək lazımdır”.

Rayonlara gediş-gəlişlə bağlı qadağaya gəlincə isə N.Məhəməliyev bildirib ki, virusun geniş yayıldığı ərazilər istisna olmaqla, bu məhdudiyyət müəyyən dərəcədə aradan qaldırılmalıdır.

“Təəssüf ki, hələ də koronavirusun mövcudluğuna inanmayan, məsələnin ciddiliyini qəbul etməyən insanlar var. Həmin şəxslər heç bir şey olmamış kimi davranırlar, qaydalara riayət etmirlər. Bu da yoluxaların sayının artmasına ciddi təsir göstərir. Lakin müvafiq qaydalara ciddi əməl etməklə rayonlararası hərəkəti bərpa etmək olar. Çox yaxşı olardı ki, yoluxmanın daha çox qeydə alındığı bölgələr istisna olunmaqla, əhalinin rayonlara gediş-gəlişinə icazə verilsin”, - deyə millət vəkili əlavə edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər