Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kim Tonq Opun e-huquq.az-a müsahibəsi:
Cənab səfir, hazırda Azərbaycan və Koreya arasında əlaqələr hansı səviyyədədir?
– Koreya ilə Azərbaycan arasında əlaqələr 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərindən başlayaraq müxtəlif sahələrdə inkişaf etmişdir. Xüsusilə Prezident Ro Mu Hyun-un 2006-cı ilin may ayında Azərbaycana rəsmi səfəri və 2007-ci ilin mayında Prezident İlham Əliyevin Koreya səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Dövlət başçıları arasında rəsmi səfərlərlə kifayətlənməyərək siyasət, iqtisadiyyat, humanitar, sosial və s. kimi müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün əməkdaşlığı gücləndirirlər.
.jpg)
Hazırda iki ölkə arasında ticarət dövriyyə ilə bağlı vəziyyət necədir?
– İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi ötən il 180 milyon dollar təşkil etmişdir. Dövlətlərimiz arasındakı əlaqələrin inkişaf potensialı ilə müqayisədə bu rəqəm qənaətbəxş olmasa da iki ölkə arasındakı coğrafi məsafə və bu məsafədən yaranan lojistik problemləri nəzərə alsaq, göstəricinin heç də az olmadığın qeyd etmək olar. Xüsusi ilə ölkələrimiz arasında iqtisadi sahədə mübadilənin təşviqinə marağın artmasına diqqət yetirmək lazımdır. Koreya tərəfindən Azərbaycana qoyulan investisiyaların miqyası azlıq təşkil etsə də, Azərbaycana daxil olan Koreya şirkətlərinin sayının artması ilə birlikdə sərmayələrin miqyasının da artmasına ümid edirəm.
Koreya iş adamlarını Azərbaycanda nələr cəlb edir? Hansı sahələrə investisiya qoyurlar?
– Koreya şirkətləri üçün ən cəlbedici amillərin Azərbaycanın nail olduğu iqtisadi inkişaf və həyata keçirdiyi siyasi və sosial islahatlar hesab olunduğunu düşünürəm. Azərbaycan hökumətinin təkcə neft-qaz sənayesində deyil, həm də qeyri-neft sənayesində infrastruktura davamlı sərmayə qoyması dünyanın infrastruktur inşaatı sahəsində yüksək səviyyəli şirkətləri hesab olunan Koreya şirkətlərinin diqqətini cəlb edir. Zavod tikintisi, yol və liman genişləndirmə layihələri və genişmiqyaslı tikinti layihələri və s. kimi layihələri Koreya şirkətlərinin Azərbaycanda fəaliyyətdə maraqlı olduğu layihələrdən hesab oluna bilər.
.jpg)
Pandemiyadan öncə koreyalı turistləri Azərbaycanda tez-tez görmək mümkün idi. Postpandemiyadan dönəmində də koreyalı turistləri yenidən Azərbaycana cəlb etmək üçün hər hansı planlar varmı?
– Koronavirus pandemiyasında ən çox təsirlənmiş sahə turizm hesab olunur. Xüsusilə, son illərdə koreyalıların Azərbaycana maraqlarının xeyli artdığı və Azərbaycana gələn koreyalı turistlərin sayında ildən-ilə artım qeyd edildiyi bir zamanda vəziyyətin bu hala gəlməsi bizdə təəssüf hissi doğurur. Turizm sahəsində əlaqələrimizin yenidən inkişaf etməsi üçün koronavirus pandemiyasının tezliklə həll edilməsinə ümid edirik.
Pandemiya dövründə Azərbaycanda koronavirusa qarşı görülən işləri necə qiymətləndirirsiniz ?
– Hər bir ölkədə karantin rejiminin tətbiqi və pandemiyanın ölkə ərazisində yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər ölkədaxili vəziyyətə uyğunlaşdırılır. Azərbaycanda digər ölkələrlə müqayisədə yoluxma sayının nisbətən az olması yerli hökumətin bu sahədə apardığı siyasətin düzgün olduğunu göstərir.

Azərbaycan Respublikasının torpaqlarının 20 faizi qonşu Ermənistan tərəfindən işğal olunmuşdur və bir milyondan artıq qaçqın və məcburi köçkünü var. Cənubi Koreya Respublikasının Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi nədən ibarətdir? Eyni zamanda ErmənistanınTovuz istiqamətində Azərbaycana hücumu və bu təxribat nəticəsində şəhid verdiyimiz barədə yəqin ki, məlumatlısınız…
– İlk olaraq Tovuzda silahlı münaqişə zamanı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyərdim. Dağlıq Qarabağ problemi Koreya da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və ümid edirik ki, bu məsələ dialoq, sülh yolu ilə həll ediləcəkdir.
.jpg)
Cənab səfir, Azərbaycanlı tələbələrin Koreya universitetlərinə qəbulu hansı səviyyədədir? Koreyalı tələbələrin Azərbaycan universitetlərinə marağı varmı?
– Koreyada təhsil alan azərbaycanlı tələbələrin sayı təxmini 91 nəfərdir. Koreya azərbaycanlı tələbələrin təhsil almağa üstünlük verdiyi ölkələrdən biri olduğundan hökumət də azərbaycanlı tələbələrin Koreyada təhsil alma imkanlarını genişləndirməkdə maraqlıdır. Bununla əlaqədar olaraq, Koreyanın Inha Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında ikili diplom proqramı müqaviləsinin imzalanma mərasimi 28 avqust 2020-ci il tarixində onlayn şəkildə həyata keçirilmişdir. Ötən ildən proqramla bağlı danışıqlar başlamış, koronavirus pandemiyasına baxmayaraq, bu danışıqlıqlar öz uğurlu nəticəsini vermişdir. Gələcəkdə də iki ölkənin universitetləri arasında əməkdaşlığın artacağına ümid edirəm.
Aynur Kazımova
