"Ən kritik məqamlarda belə həmrəylikdən yayınanlar üçün milli dəyər anlayışı yoxdur" - Deputat


  • 4 May 2021 11:35

"Prezident İlham Əliyev ötən həftə BMT-nin İqtisadi və Sosial Komissiyasının sessiyasında Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin hazırlanması barədə təşəbbüs irəli sürməklə bir daha göstərdi ki, Azərbaycan artıq lokal yox qlobal oyunçudur. Rəsmi Bakının qlobal təşəbbüsləri artıq heç kimdə sual doğurmur, çünki 2020-ci il ərzində Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq səylərə rəhbərlik edərək BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə, BMT-nin İnsan Hüquqları Şurasında isə vaksinlərə bərabər çıxışı ilə bağlı qətnamənin qəbuluna nail olunmuşdu. Baxın, 7 ay öncəyədək işğala, təzyiqlərə məruz qalan bir dövlətdən qlobal təşəbbüskara çevrilmişik. 30 il işğalın qorxunc təsirinə məruz qalmış ərazilərimizdə bu gün ağıllı kənd və şəhər quruculuğuna başlamışıq. Budur dəyişən reallıq, budur yeni Azərbaycan".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclis deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Deputat deyib ki, indi daxili siyasi prosesləri təhlil edərkən, hansısa problemi qabardarkən məsələlərə cənab İlham Əliyevin yaratdığı bu yeni reallığın prizmasından yanaşmalıyıq: "İşğala son qoymuş, milli qisasımızı almış, bizi qlobal oyunçuya çevirmiş şəxs kimi prezident İlham Əliyev yalnız dövlət rəhbəri yox həm də artıq milli dəyərdir və bu dəyərə sahib çıxmalıyıq. Düzdür, Sorosdan maliyyələşən, yaxud kənardan tezis alanlar, hətta ən kritik məqamlarda belə həmrəylikdən yayınanlar üçün milli dəyər anlayışı yoxdur, bir təfəkkür var ki, “necə hakimiyyətə gəlim və yenə necə bu ölkəni rəzil edim,”, Xalqımız bu təcrübəni yaşayıb. Zamanında təəssüf ki, bəzi üzdəniraqlara meydan verildi və bu xalqı bəlalardan qurtaran bir liderə, Heydər Əliyevə qarşı elə parlamentdəcə ləyaqətsizcəsinə davranış nümayiş etdirildi. Mən hesab edirəm ki, bu gün parlament olaraq imkan verməməliyik ki, bir daha artıq bu ölkənin dəyərlərinə antimilli ünsürlər əl və dil uzatsın".

Oxşar xəbərlər