"8 may tarixini Şuşanın işğaldan azad olunmuş ilk ili kimi xatırlayırıq"


  • 8 May 2021 12:51

“Xalqımızın qələbəsini simvolizə edən Şuşanın işğaldan azad olunması bundan sonrakı Azərbaycan üçün hər zaman Zəfər günü kimi qeyd olunacaq”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

“Ötən ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Noyabr ayının səkkizi artıq Azərbaycanda Zəfər günü kimi qeyd olunacaq. Bu tarix eyni zamanda Şuşanın işğaldan azad olunduğu gündür. O günü hər birimiz bundan sonra böyük fəxarətlə yadda saxlayacağıq. Həmin gün Ali Baş Komandanımız Cənab İlham Əliyev Şuşanın azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik etdi və müjdəsini verdi. Əlbəttə ki, Şuşanın işğaldan azad olunması çox böyük rəşadət və mətanət tələb edirdi ki, Azərbaycan Ordusu və Silahlı Qüvvələri də yaxın döyüşlərdən Şuşanı düşmən işğalından azad etdi. Ona görə yaxın döyüşlərdən azad etdi ki, Şuşanın gözəlliyini qoruyub saxlaya bilsinlər. Bunun üçün çox böyük məharət lazım idi. Ona görə də bu gün dünyanın aparıcı dövlətləri həm Azərbaycanın 44 günlük Vətən müharibəsindəki hərb qabiliyyətini, xüsusilə də Şuşanın işğaldan azad olunmasını öyrənirlər və öz ölkələrində tətbiq edirlər”.

C.Osmanov xatırladıb ki, 8 may 1992-ci il Şuşanın ermənilər tərəfindən işğala məruz qaldığı gündür: “Əlbəttə bunun içində xəyanət də var idi. O vaxtı ilk növbədə xəyanət edən ölkənin Müdafiə naziri olan Rəhim Qazıyev idi. O da AXC-Müsavat cütlüyünün tör-töküntülərindən olub. O qurumda siyasi hakimiyyətə gəlmək məqsədi ilə öz xəyanət və satqınlıq yolunu tutdular, xalqımıza, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı xəyanət etdilər. Bundan da səmərəli istifadə edən erməni terrorçuları Şuşanı işğal etdi. Azərbaycan 28 il Şuşasız qaldı. İndi isə 28 il sonra Şuşa azaddır”.

Deputatın sözlərinə görə, Şuşanın Azərbaycan üçün həm strateji, həm də mədəni və siyasi əhəmiyyəti var: “ Şuşa Azərbaycan xalqı üçün tamamilə fərqli bir hissədir. Şuşa işğaldan azad olunarkən Ali Baş Komandanımızın qeyd etdiyi “Şuşa, sən azadsan!”, “Şuşa, biz qayıtdıq!”, “Şuşa, biz səni dirçəldəcəyik!” sözləri Vətən müharibəsindəki qələbəmizin simvoluna çevrildi. Çünki Cənab İlham Əliyev hər zaman vurğulayırdı ki, Şuşasız bizim işimiz yarımçıq qalardı. Elə bu sözlər Şuşanın Azərbaycan xalqı üçün nə qədər önəm kəsb etdiyini göstərir. Ölkə başçımız İlham Əliyevin dünən Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi ilə bağlı imzaladığı sərəncam bir daha təsdiq edir ki, Şuşa Azərbaycan üçün nə qədər önəmlidir. Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı yox, eyni zamanda bütün Türk və İslam dünyasının mədəniyyət paytaxtı olacaq. Çünki bunun üçün Azərbaycanın çox böyük potensialı və ölkə rəhbərimizin güclü siyasi iradəsi var. Bu gün artıq 8 may tarixini Şuşanın işğaldan azad olunmuş ilk ili kimi xatırlayırıq”.

Millət vəkili vurğulayıb ki, ancaq 8 may 1992-ci il tarixi də heç vaxt unudulmamalıdır və bu tarixdə nələrin baş verdiyi gələcək nəsillərə aşılanmalıdır: “Mənfur düşmən Şuşamızı həmin tarixdə işğala məruz qoymuşdu. Cənab Prezidentimizin yanvar ayının 14-də, o cümlədən Novruz bayramı ərəfəsində Şuşaya tarixi səfəri və Cıdır düzündə qələbə tonqalını alovlandırması düşmənimizə və onun havadarlarına bir mesaj idi ki, Şuşa bizimdir və əbədi olaraq da Azərbaycanın olacaq” , - deyə o bildirib.

Sevgül Qasımzadə

Oxşar xəbərlər