Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Azərbaycan tərəfinə təqdim edilməsi müqabilində, saxlanılan 15 erməninin Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verilməsi post müharibə dövrünün ən vacib hadisələrindən biridir.
Əvvəlcə ondan başlayaq ki, hansı prizmadan baxılır baxılsın, istər ərazidə mina təhlükəsinin aradan qaldırılması, istər saxlanılan ermənilərin İrəvana təhvil verilməsi prosesdə Azərbaycanın humanist niyyətini nümayiş etdirir. Eyni zamanda bu da aydındır ki, mövcud razılaşma bölgədə Azərbaycanın siyasi iradəsinin təntənəsidir. Azərbaycan heç bir nüfuz itkisi, yaxud diplomatik geriləmə yaşamadan ən çox minalanmış və işğal dönəmində ermənilərin əsas müdafiə xətti olmuş Ağdam üzə mina xəritəsini əldə etdi.
Bununla da biz nəinki böyük qayıdışı təhlükəsiz formada sürətləndirə biləcəyik, eyni zamanda, mina təmizlənməsinə xərclənəcək külli miqdarda vəsaitə qənaət etmiş olacağıq.
İkincisi, Azərbaycan Ermənistan dövlətinin terror mahiyyətini və erməni hakimiyyətinin yalançılığı və saxtakarlığını növbəti dəfə dünyaya nümayiş etdirmiş oldu. Məlumdur ki, bu günə qədər rəsmi İrəvan iddia edirdi ki, onlarda minalanmış ərazilərin xəritəsi yoxdur. Əlbəttə, İrəvanın israrlı mövqeyi ağlabatan deyildi və bu gün Prezident İlham Əliyevin Ermənistanı işğaldan azad olunmuş ərazilər üzrə ən təhlükəli zonanın xəritələrini verməyə məcbur edə bilməsi Ermənistanın açıq fiaskosudur.
Digər vacib bir məqam isə artıq bölgədə müzakirə predmetinin və prioritetlərin köklü surətdə dəyişməsi, ABŞ, İsveç, Gürcüstan, Avropa İttifaqı Şurası və ATƏT-in prosesdə aktiv iştirakı ilə beynəlxalq ictimaiyyətin 44 günlük müharibədən sonrakı yeni reallığı qəbul edərək hansısa qondarma "status" barədə yox, bölgədə müharibə təsirlərinin aradan qaldırılması istiqamətində səylər göstərməkdə maraqlı olmasını göstərir. Eyni zamanda bu fakt, Azərbaycanın artıq Ermənistana qarşı beynəlxlaq təzyiq mühiti formalaşdıra bildiyini, münasibətlərin sonrakı mərhələsində sülh və sabitlik naminə digər şərtlərin də dinc yolla qəbul etdirilməsi üçün ciddi perspektivlərini olduğunu göstərir.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı, h.ü.f.d. dos.
