Məzmuna keç

Cavid Osmanov: “Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərinin zəfər nöqtəsidir”

“Şuşada imzalanan tarixi Bəyannamə iki ölkənin müttəfiqliyini əks etdirən sənəddir”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu Bəyannamə ilə Azərbaycan və Türkiyə arasındakı iqtisadi, ticari, mədəni və bir sıra digər sahələrdəki əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulur: “Bəyannamənin sonunda "15 iyun 2021-ci il, Azərbaycan – Şuşa şəhəri" qeyd olunması illər sonra baxdıqda bir daha dövlətimizin tarixi əzəli torpaqlarında imzalanan bəyannamənin vacibliyini əks etdirir. Bu, eyni zamanda Azərbaycanın qardaş Türkiyə ilə münasibətlərini bütövlükdə ən uca zirvəyə çatdıran bir sənəddir”.

C.Osmanov qeyd edib ki, Şuşa Bəyannaməsi iki qardaş ölkə başçılarının həyata keçirdiyi fəaliyyətin zəfər nöqtəsidir: “Bunu təkcə Azərbaycan -Türkiyə qardaşlığının deyil, eyni zamanda bütövlükdə türk dünyasının zəfəri kimi qeyd etmək olar. Bəyannamədəki vacib maddələrdən biri də o idi ki, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Ümumilikdə bu onu göstərir ki, iki qardaş ölkə nə vaxtsa ola biləcək xarici təhdidlərin qarşısını birgə ala biləcək. Şuşa şəhərində imzalanmış bu tarixi Bəyannamə Azərbaycan və Türkiyənin gücünü bütün dünyaya nümayiş etdi”.

Sevgül Qasımzadə