Millət vəkillərindən Ermənistandakı seçkilərlə bağlı ŞƏRH


  • 21 İyun 2021 16:55

Xəbər veriyimiz kimi, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası iyun ayının iyirmisində keçirilmiş növbədənkənar parlament seçkilərində qalib gəlib. E-huquq.az Ermənistanda keçirilən parlament seçkiləri və onun nəticəsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının fikirlərini öyrənib.

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, seçkidən sonrakı mərhələdə Ermənistanda müəyyən qeyri-sabitlik olması ehtimalı var: “Ermənistanda baş tutan seçkilərlə bağlı əvvəldən bir sıra ekspertlər öz münasibətini bildirmişdi və mən də qeyd etmişdim ki, keçirilən parlament seçkiləri Paşinyanın qalibiyyəti ilə nəticələnəcək. Baş verənlər də onu göstərdi ki, Ermənistan xalqı da Köçəryanı yox, Paşinyanı dəstəklədi. Nikol Paşinyana qarşı bir sıra çəkişmələr, mitinqlər gözləniləndir. Qarşı tərəf iddia edəcək ki, seçkilər qeyri-obyektiv keçirilib. Təsadüfi deyil ki, bununla bağlı artıq müəyyən bəyanatlar verilir, fikirlər səsləndirilir. Lakin Ermənistanın özü üçün də Paşinyanın hakimiyyətdə qalması daha məqsədəuyğundur. Çünki, Paşinyanın həm Azərbaycanla, həm də Türkiyə ilə əməkdaşlıq sahəsində bəyanatlarının şahidi olmuşduq. Əvvəlki dövrdə bununla bağlı fikirlərini açıq bildirmişdi. Seçkiyə yaxın onun bir sıra radikal çıxışlarının şahidi olsaq da, ümumilikdə götürsək, Paşinyan özü iki ölkə arasındakı proseslərdə iştirak edib və növbəti proseslərin də özünün iştirakı ilə davam etməsi bölgənin gələcəyinə ciddi təsirini göstərəcək. Nikol Paşinyan bundan sonra çalışacaq ki, həm Azərbaycanla, həm də Türkiyə ilə əməkdaşlıq etsin”.

Deputatın fikrincə, Paşinyan bundan sonra müharibədən bezib və yorulan Ermənistan xalqı üçün daha düzgün və sağlam qərarlar qəbul edəcək və bölgədə sülhün, əminamanlığın təmin olunmasına öz töhfəsini verəcək: “Köçəryan və onun dəstəsi Azərbaycan və Türkiyəyə qarşı yenidən müharibənin başlanması, yenidən Şuşanın, Hadrutun qaytarılması bağlı düşmənçilik təbliğ edir, revanşist bəyanatlar səsləndirirdilər. Onların hakimiyyətə gəlməsi Ermənistandakı tənəzzülü daha da dərinləşdirə bilərdi. Bu baxımdan Paşinyanın seçkilərdə qalib gəlməsi inanıram ki, birgə fəaliyyətə və əməkdaşlığa öz təsirini ciddi şəkildə göstərəcək”.

Deputat Cavid Osmanov isə bildirib ki, Ermənistanda istənilən qüvvənin seçkilərdə qalib gəlməsindən asılı olmayaraq daxili sabitliyi bərpa etmək indiki halda çətin olacaq: “Bizi ilk növbədə10 Noyabr və 11 Yanvar Bəyantlarının icrası maraqlandırır. İstər Paşinyan, istərsə də başqası qalib gəlsin, bu üçtərəfli bəyanat icra olunmalı idi. Çünki imzalanan bəyanatlar beynəlxalq sənəddir. Bu bəyanata uyğun bütün müddəalar da icra olunmalıdır. Ölkə prezidenti cənab İlham Əliyev də Hacıqabula səfəri zamanı bu məsələyə toxunmuşdu. Burada xüsusən Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni vurğulamışdı ki, istənilən halda bunu həyata keçirəcəyik. Elə o dəhlizin özü də Şuşa Bəyannaməsində öz əksini tapıb. Bu artıq hüquqi sənəddir və o dəhlizin açılmasında heç bir narahatlıq olmayacaq. Hələ seçkilərdən bir neçə gün öncə Köçəryan və Paşinyan öz tərəfdarlarını meydanlara dəvət etmişdi. Nikol Paşinyan qeyd etmişdi ki, ölkədə sabitliyi pozmaq istəyənlərə qarşı sərt tədbirlər görüləcək. O vaxtı bunu Baş nazir vəzifəsini icra edən şəxs kimi qeyd etmişdi. İndiki mərhələdə əlbəttə ki, Ermənistanın daxilində bir çox sahələrdə sürən böhranla bağlı ölkədəki sabitliyi təmin etmək ilkin mərhələdə mümkün olmayacaq. Elə seçki günü baş verən bir neçə insidentlər də buna misal ola bilər. Ölkədə seçkidən sonra qarşıdurma və ittihamlar yenə davam edəcək. Parlament seçkilərində Köçəryan da 20 faizdən çox səs toplayıb və bu o deməkdir ki, parlamentin və hökumətin formalaşmasında müəyyən təsirlər onların da əlində olacaq. Düşünürəm ki, Ermənistan uzun müddət özünə gələ bilməyəcək”.

Deputatın sözlərinə görə, erməni xalqının və Paşinyanın əlinə normal bir cəmiyyətə dönmək və qarşılıqlı əməkdaşlıq etmək üçün tarixi bir şans düşüb: “Əgər ölkələrini sivil bir ölkəyə çevirmək istəyirlərsə, bu, Ermənistanın əlinə düşən nadir şansdır. Əgər seçkilərdə ritorikası sadəcə revanşizmdən ibarət olan köhnə xunta rejiminin rəhbərlərindən biri seçilsəydi, bu da Ermənistanın tamamilə məhv olmasına gətirib çıxaracaqdı”.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev isə qeyd edib ki, parlament seçkilərində Nikol Paşinyanın qələbə çalması gözlənilən idi: “Ermənistanın daxilində kifayət qədər təbəqələşmə mövcuddur. Baxmayaraq ki, Paşinyan 44 günlük Vətən Müharibəsində biabırçı məğlubiyyətlə uzlaşdı, ancaq proseslər göstərdi ki, Ermənistan xalqı cinayətkar, daim müharibə çağırışları səsləndirən “Qarabağ klanı”nın cinayətlərini unutmayıb. Bu da onun nəticəsi idi ki, revanşist qüvvələrin hakimiyyətə gəlməsinin qarşısı faktiki olaraq alındı. Digər tərəfdən bu bir daha onu göstərir ki, ermənilər ümumiyyətlə, Qarabağ uğrunda qurban vermək istəmirlər, müharibə çağırışı edən qüvvələrə də dəstək vermədilər. Bu baxımdan hesab edirəm ki, 10 Noyabr Bəyanatının bütün müddəaları mərhələli şəkildə icra olunacaq”.

Bölgədə Ermənistanın gələcək siyasətinə gəldikdə isə, deputat bildirib ki, qərbyönümlü siyasətin aparılacağı şübhəsizdir: “Ola bilsin, Rusiya ilə olan münasibətlərdə də müəyyən mənada dəyişikliklər baş verəcək və bir sıra düzəlişlər olacaq. Əgər iqtisadi məsələlərdə Paşinyan güzəştə getməyəcəksə, müəyyən qarşıdurmalar mümkündür. Azərbaycanla münasibətlərdə isə, üçtərəfli bəyannamə icra olunacaq və gələcəkdə həm Türkiyə, həm də Azərbaycanla kommunikasiyaların açılması gözləniləndir”.

Millət vəkili Ramil Həsənin sözlərinə görə, hazırda müzakirə olunan və real cərəyan edən hadisələrə nəzərə salanda görünür ki, Ermənistan bundan sonra Nikol Paşinyanın rəhbərliyi altında heç də asan davam etməyəcək: “Dünən və ondan öncə Paşinyanın qatı radikal əleyhədarı olan Robert Köçəryan və onun tərəfdarları əvvəl seçkilərdə özlərinin qalib gəldiyinə, daha sonra Nikol Paşinyanın qalib gəlməsini əsla qəbul etməyəcəklərinə dair bəyanatlar səsləndirdilər. Bu prizmada istefada olan bir çox generalların xalqı küçəyə səsləməsi də ona dəlalət edir ki, 44 günlük Vətən müharibəsindən sonra ölkədə başlanmış xaos nəinki seçkilərə qədər, bundan sonra da davam edəcək. Şübhəsiz ki, sivil cəmiyyətdə məğlub tərəf qalib tərəfin qalibiyyətini qəbul edir və bununla hesablaşır. Amma bizim gördüyümüz məğlub tərəf Robert Köçəryan Qarabağ müharibəsində olduğu kimi vəhşi və qaniçən sifətini bir daha göstərərək, öz mənsub olduğu milləti də təhlükəyə atdı. Ermənistan dövlətinin bundan sonra atacağı addımlar ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın da ifadə etdiyi kimi dövlətin gələcək addımları üçün xüsusi əhəmiyyət daşıyacaq”.

R.Həsən qeyd edib ki, Ermənistan reallığı qəbul edərək ərazi iddialarını irəli sürməkdən imtina edib, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasında xoş niyyətini ortaya qoyacaqsa, “altılıq platforma”nın içərisində yer alacaq və bu xaos və çətinliklərdən çıxması üçün yaranmış olan imkandan istifadə edə biləcək: “Ermənistanda keçirilmiş seçkilərdən asılı olmayaraq, Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında öz dövlətimizi, xalqımızı və ərazi bütövlüyümüzü qorumağa qadirik. Ölkə başçımızın da qeyd etdiyi kimi, biz bütün çətinliklərə baxmayaraq sülh tərəfdarıyıq. Ermənistan ağlını başına toplasa, bu birlik və bərabərlikdən irimiqyaslı mega layihələrin həyata keçirilməsində iştirak edərək fayda toplaya biləcək. Eyni zamanda Azərbaycan və Türkiyənin müttəfiqlik və ittifaq istiqamətindəki fəaliyyəti də bölgəyə sülh və əmin-amanlıq gətirəcək".

Sevgül Qasımzadə

Oxşar xəbərlər