Məzmuna keç

XİN: “Ermənistanın hərbi təxribatları bundan sonra da adekvat şəkildə cavablandırılacaq”

"Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik".

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 16 noyabr 2021-ci il tarixində dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.

"Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaq. Allah şəhidlərimizə rəhmət eləsin!", – bəyanatda vurğulanıb.