Sahibə Qafarova Valentina Matviyenkoya Ermənistanın sərhəddəki təxribatı barədə məlumat verib


  • 25 Noyabr 2021 15:59

MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a verilən məlumata görə, Valentina Matviyenko ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluqlarını bildirib.
MDB PA-nın uğurlu fəaliyyətini qeyd edən Federasiya Şurasının sədri Azərbaycanın təşkilatda fəal iştirakçılığına görə, təşəkkürünü bildirib, 53-cü plenar iclasın uğurlu olacağına inamını ifadə edib.
Sahibə Qafarova deyib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olacaq. Ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını bildirən Milli Məclisin sədri əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb. O, bildirib ki, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin özünəməxsus rolu var.

Milli Məclisin sədri 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbə barədə məlumat verib. Spiker üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıb, Azərbaycanın bəyanatdan irəli gələn bütün məsələləri yerinə yetirdiyini bildirib. zərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazır olduğunu bəyan edib, Ermənistan isə yenə də təxribatlardan əl çəkmir.

Milli Məclisin sədri noyabrın 16-da dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları barədə məlumat verib. Qeyd edib ki, bu təxribat nəticəsində 7 nəfər hərbi qulluqçumuz şəhid olub: “Bu təxribatın məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu günə qədər Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər də həlak olublar. Həlak olanlar arasında sülhməramlılar da var. Ermənistanın bütün çağırışlara baxmayaraq, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası beynəlxalq hüquqa və regionda sabitliyin bərpa olunması cəhdlərinə qarşı yönəlib”.

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Valentina Matviyenkoya “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib.

Oxşar xəbərlər