Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ötən il dekabrın 30-da elan olunmuş daxili müsahibəyə qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən e-huquq.az-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanında və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 17-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 5-i B növünə (inzibati icraçı) aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində Aparat rəhbərinin müavini – Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri vəzifəsidir.
Ümumilikdə isə Dövlət Turizm Agentliyində 6, Kənd Təsərrüfatı Nazirliyində 4, Əqli Mülkiyyət Agentliyində 3, İqtisadiyyat Nazirliyində 2, Təhsil Nazirliyində 1, Energetika Nazirliyində 1, Hesablama Palatasında 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1, Milli Televiziya və Radio Şurasında 1, Qida Təhlükəsizliyi Agentliyində 1 və Gəncə Apellyasiya Məhkəməsində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılıb.
Müsahibədə iştirak etmək istəyən namizədlər yanvarın 18-i saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
