Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
E-huquq.az xəbər verir ki, fərmana əsasən agentliyin vəzifələri siyahısına turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etmək; mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını müəyyən etmək; Turizm Reyestrinin aparılmasını təmin etmək; turizm ehtiyatları ilə bağlı məlumatverici-göstərici lövhələrin quraşdırılmasını təmin etmək; “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, turistlərin hüquq və vəzifələri barədə məlumatlandırılmasını təmin etmək üçün zəruri tədbirlər görmək; turizm sənayesi subyektlərinin etik davranış kodekslərini təsdiq etmək, mediada və rəsmi internet saytında dərc etmək daxil edilib.
Bundan başqa agentlyinin hüquqları artırılaraq siyahıya turizm marşrutlarını təsdiq etmək; turizm sənayesi subyektləri üçün müsabiqələr keçirmək və fərqləndirici nişanlar təsis etmək, həmin müsabiqələrin keçirilmə qaydasını və fərqləndirici nişanların verilməsi meyarlarını müəyyən etmək əlavə olunub.
