“Azərbaycan və Rusiya arasında imzalanacaq bəyannamə ikitərəfli əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sənəd olacaq. Lakin təbii ki, sənəd imzalandıqdan sonra onun maddələrinə uyğun olaraq daha ciddi şərhlər verilə bilər”.
Bunu e-huquq.az-a açıqlamasında Mili Məclisin deputatı Arzu Nağıyev "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamənin imzalanması ilə bağlı gözləntilərə münasibət bildirərkən deyib.
Deputat Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında bu gün baş tutacaq danışıqlarda həm beynəlxalq, həm də regional məsələlərin müzakirə olunacağını deyib.
“Bildiyiniz kimi, NATO-Rusiya gərginliyi, eyni zamanda Ukrayna-Rusiya gərginliyi bu gün əsas prioritet istiqamətlərdən biridir. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə normal münasibətləri olduğunu və hər iki ölkənin Azərbaycanı ciddi tərəfdaş kimi qəbul etdiyini nəzərə alsaq, bu istiqamətdə müzakirələrin aparılması gözləniləndir. Bundan başqa, Ermənistan-Azərbaycan münasibətlərində istər iqtisadi, istər siyasi, istərsə də hərbi məsələlərin həlli ilə bağlı müzakirələr aparıla bilər. Bu gün sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, “Zəngəzur dəhlizi”, sülh sazişinin imzalanması, ərazi bütövlüyünün tanınması kimi məsələlər gündəmdədir", – deyə o qeyd edib.
A.Nağıyev bildirib ki, danışıqlarda Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda fəaliyyəti ilə bağlı məsələlər də yer alacaq: “Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı müzakirələr aparıla bilər. Danışıqlar zamanı, həmçinin Türkiyə-Ermənistan münasibətlərinə də toxunulacağını düşünürəm”.
Deputatın sözlərinə görə, Prezidentin səfəri zamanı ümumilikdə hər iki dövləti maraqlandıran xarici və daxili siyasətin bütün aspektləri müzakirə mövzusu olacaq: “Humanitar məsələlərdə Rusiya-Azərbaycan münasibətləri mütləq şəkildə ön plana çəkilməlidir. Təbii ki, Azərbaycan MDB məkanında Rusiya ilə birgə təmsil olunur. Lakin Qoşulmama Hərəkatının üzvüdür və heç bir hərbi blokda təmsil olunmur. Bu istiqamətdə də bir sıra danışıqlar gedə bilər. Ümumilikdə ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı münasibətlər cənab Prezidentin səfərində müzakirə obyekti ola bilər”.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar olacaq. Danışıqların yekunu olaraq, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamənin imzalanması nəzərdə tutulur.
Xəyalə Bünyatova
