Məzmuna keç

“Moskva Bəyannaməsi Rusiya-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni bir mərhələyə çıxarır”

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ölkəmizin növbəti diplomatik qələbəsidir”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, bu sənədin imzalanması mühüm tarixi hadisədir. “Moskva Bəyannaməsi Rusiya-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni bir mərhələyə çıxarır. Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur. İki ölkə lideri arasında qarşılıqlı hörmət və etimad var. Bu da ölkələrimiz arasında münasibətlərin ən üst səviyyəyə, yəni müttəfiqlik bəyannaməsinin imzalanmasına gətirib çıxardı. Bəyannamədə siyasi, iqtisadi, humanitar, ticari və digər bir çox sahələrdə əməkdaşlıq məsələləri öz əksini tapıb. Bu sənəd BMT-nin Nizamnaməsinə və digər beynəlxalq sənədlərin norma və prinsiplərə tam uyğun hazırlanıb”.

Deputat Bəyannamənin Azərbaycan dövlətinin və xalqımızın milli maraq və mənafeyinə tam cavab verdiyini vurğulayıb: “Bəzi qüvvələr, dırnaqarası siyasi qruplaşmalar Bəyannamənin mahiyyətini ya anlamırlar, ya da bilərəkdən təhrif etməyə çalışırlar. Çaşqınlıq yaratmaq istəyirlər ki, guya bu Bəyannamə Azərbaycanın müstəqilliyinə təhdiddir və milli maraqlarımıza uyğun gəlmir. Bu qruplaşmalar Azərbaycanın növbəti diplomatik qələbəsini, dünyada artan nüfuzunu həzm edə bilmirlər və cəmiyyətdə Bəyannamə ilə bağlı fərqli fikir yaratmaq istəyirlər. Bəziləri də xarici dairələr, xüsusən erməni lobbisi tərəfindən verilmiş tezislər üzərindən bu Bəyannəməyə qarşı çıxmaq cəhdləri göstərirlər. Amma biz Bəyannamənin bütün bəndlərini oxuduqda bir daha əmin oluruq ki, burada hər iki ölkənin müstəqil siyasət yürütdüyü xüsusi vurğulanıb. Bəyannamədə iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik kimi öhdəliklər də götürülüb ki, bu da vacib məqamlardan sayılır”.

C.Osmanov bildirib ki, bu Bəyannamə diplomatik cəbhədə möhkəmlənmək üçün mühüm sənəddir: “Azərbaycan 44 günlük Vətən mübaribəsindən sonra regionda yeni reallıq yaradıb və yeni konfiqurasiyanın əsas oyunçuları, heç şübhəsiz, Azərbaycan, Türkiyə və Rusiyadır. Qələbəmizi artıq siyasi-diplomatik cəbhədə möhkəmləndirmək çox mühüm hadisədir və “Azərbaycan Respublikası və həm "Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə, həm də “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi birbaşa buna xidmət edir”.

Deputat, həmçinin sənədin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün bir təzyiq kimi qiymətləndirilə biləcəyini də vurğulayıb: “Bəyannamədə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək veriləcəyi qeyd olunub ki, bu da Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün bir təzyiq forması kimi qiymətləndirilə bilər”.

C.Osmanov onu da vurğulayıb ki, bu gün Azərbaycan qalib ölkə kimi tam müstəqil siyasət yürüdür. Bu siyasət qlobal həmrəyliyə və əməkdaşlığa mühüm əhəmiyyət verməklə həyata keçirilir.

“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox təşəbbüslərlə çıxış edib və atdığı addımlarla qlobal həmrəyliyə, beynəlxalq əməkdaşlığa sadiqliyini nümayiş etdirib. Azərbaycan hər zaman qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulmasını prioritet bir məsələ kimi müəyyənləşdirib. 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında da bu amil böyük rol oynayıb. Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Bununla qardaş Türkiyə ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Ümumiyyətlə, Azərbaycan türk dövlətləri ilə əməkdaşlığa böyük önəm verir. Həmçinin qonşu Gürcüstan və İranla da çox yüksək münasibətlər qurub. Azərbaycanın Avopa İttifaqı ilə də münasibətləri yüksələn xətt ilə inkişaf edir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında çəkisi durmadan artan ölkədir. Misal olaraq, Cənub Qaz Dəhlizini göstərə bilərik. Məhz bu təşəbbüs də Azərbaycan tərəfindən verilmişdir. Qeyd etmək istərdim ki, Azərbaycan NATO ilə münasibətlərini çox uğurla inkişaf etdirir”, – deyə deputat əlavə edib.

Gülyetər Mahmudova