"Azərbaycanla İran arasında imzalanmış Anlaşma Memorandumu regional əhəmiyyətli tarixi sənəddir".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra Zəngəzur dəhlizinin açılması aktuallaşıb. Lakin Ermənistan tərəfi bu istiqamətdə işlərin görülməsinə ciddi yanaşmayıb: "Ermənistan elə bilirdi ki, Naxçıvanla əlaqə yaratmağımız ancaq onlardan asılı vəziyyətdə olacaq. Cənab Prezidentin uğurlu beynəlxalq siyasətinin nəticəsində İran ərazisindən Naxçıvanı birləşdirəcək yeni bir marşurutun ərsəyə gəlməsi aktuallaşdı. Bu sənəddə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında İran ərazisindən keçməklə, yeni dəmir və avtomobil yollarının, rabitə, enerji təminatı infrastrukturunun yaradılması nəzərdə tutulur. Bu marşurutun istifadəyə verilməsi ilk növbədə Naxçıvanı blokadadan çıxaracaq və Naxçıvanla birbaşa bağlantımız yaradılacaq".
A.Badamovun sözlərinə görə, Anlaşma Memorandumu həm də Azərbaycanın Türkiyə ilə birləşdirilməsi baxımından da əhəmiyyətlidir: "Azərbaycan bu marşurut vasitəsilə birbaşa quru yolla Türkiyə ilə əlaqə yarada biləcək və oradan Avropaya çıxışı təmin olunacaq. Digər tərəfdən, bu marşrut region ölkələri üçün böyük əhəmiyyətə malik bir dəhliz rolunu oynayacaq. Çünki bu marşurutla İranın Avropaya çıxmaq imkanı yaranır. Eyni zamanda Türkiyənin Asiya ölkələri ilə əlaqələri yaranır. Həmçinin, digər ölkələrin də həm Avropa, həm Asiya ilə iqtisadi əməkdaşlıq etmək imkanları formalaşır".
Gülnar Abdullayeva
