"Xocalı rayonunun Fərrux kəndi və onun ətrafındakı yüksəkliklərin işğaldan azad olunması və Azərbaycan Ordusunun nəzarətinə keçməsi olduqca əhəmiyyətli bir hadisədir".
Bunu e-huquq.az-a açıqlamasında Mili Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
O, kəndin və ətrafındakı yüksəkliklərin strateji əhəmiyyətindən danışıb: "1918-1919-cu illərdə ermənilərlə keçmiş Dağlıq Qarabağ ərazisində çəkişmələrdə bu kənd uğrunda xeyli qarşıdurmalar və itkilərimiz olub.Birinci Qarabağ müharibəsi dövründə də Fərrux kəndinin strateji əhəmiyyətini dərk edən düşmən orada möhkəm istehkamlar qurub və təəssüflər olsun ki, biz orada çoxlu şəhidlər vermişik. Bu baxımdan, Fərrux kəndinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi mənəvi baxımdan da bizim üçün olduqca böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, Rusiya sülhməramlıları öz vəzifələrini normal icra etmədiyinə görə ermənilər son zamanlar Fərrux kəndinin üzərində olan yüksəkliklərdə müəyyən mühəndis istehkam qurğuları yerləşdirməklə məşğul olur, səngərlər qazır və Azərbaycan Ordusunun mövqelərini atəşə tutaraq təxribata çalırşırdılar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ermənilər öz təxribatlarına davam etdilər və nəticədə Azərbaycan Ordusu kəndə, eyni zamanda strateji yüksəkliklərə nəzarəti əlinə aldı. Bu, olduqca əhəmiyyətli bir uğurdur. Çünki Fərrux kəndinin yerləşdiyi coğrafi şərait Ağdam, Xocalı, Əsgəran və Şuşanı birləşdirən yollara tam nəzarətə imkan verir. Həmçinin kifayət qədər su ehtiyatları olan Xaçın gölünə nəzarətin ələ keçməsini də təmin edir. Bundan başqa, məlum olduğu kimi, Ağdam şəhəri yenidən qurulur, orada böyük infrastruktur layihələri icra olunur, kənd təsərrüfatını bərpası üçün çox ciddi addımlar atılır. Belə olan halda Ağdama yaxın məsafədə yüksəkliklərə ermənilərin nəzarət etməsi arzuolunan hal deyil və gələcəkdə ciddi təxribatlarla üzləşə bilərdik. Bu məqamda cənab Prezidentin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" sözlərini xatırlatmaq yerinə düşər. Fərrux kəndinin azad olunması da Prezident İlham Əliyevin apardığı hərbi, siyasi, diplomatik qələbənin nəticəsidir".
Deputat bildirib ki, ermənilər reallıqla barışmalıdır, Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşılmalıdır: "Orada məskunlaşmış ermənilər də artıq dərk etməlidirlər ki, separatçılığa son qoyulmalıdır, Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşılmalıdır. Azərbaycan qanunları ilə yaşamağa uyğunlaşmalıdırlar, əks halda onların orada yaşamaq perspektivi yoxdur. Hər hansı bir revanş çağırışları, təxribatlar yolverilməzdir. Azərbaycan artıq kifayət qədər güclü orduya malik, istənilən problemi özü həll etmək iqtidarında olan bir dövlətdir. Hesab edirəm ki, son hadisələrdən ermənilər də, onlara havadarlıq edənlər də nəticə çıxaracaqlar. Onlar Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il, 11 yanvar, habelə 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyannamələrdə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Artıq onlar üçün başqa yol yoxdur".
Rəşid Qarayev
