Məzmuna keç

Deputat: “Avropa İttifaqının vasitəçiliyi sülhün əldə olunacağına dair ümidləri artırır”

"Avropa İttifaqının iki ölkə arasında beynəlxalq hüquq normaları çərçivəsində və Azərbaycanın təklif etdiyi 5 maddədən ibarət təklifi əsasında sülh müqaviləsinin imzalanmasına, xüsusilə qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitisasiyası prosesinə verdiyi dəstək, ümumilikdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində bitərəf, qərəssiz və konstruktiv mövqe nümayiş etdirməsi alqışa layiqdir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

Deputat bildirib ki, bu, ilk növbədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin ölkəmizə qazandırdığı önəmli uğurlardan biridir: "Xüsusilə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasında Avropa İttifaqının dəstək göstərməsi barədə razılıq əldə olunması Azərbaycan üçün böyük önəm daşımaqla, Azərbaycanla Avropa İttifaqı arasında səmərəli əməkdaşlığın tezliklə təcrübədə də öz nəticələrini verəcəyinə işarə edir. Xatırlatmaq yerinə düşər ki, məhz Avropa İttifaqının vasitəçiliyi ilə sülhün əldə olunması istiqamətində əldə olunan bu ilkin uğurlar ATƏT-in Minsk qrupunun 30 ildəki fəaliyyətinin səmərəsizliyini bir daha sübut etməklə, artıq Cənubi Qafqazda davamlı sülhün əldə olunacağına dair ümidləri də artırır".

N.Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin başlıca hədəfi və tələbi məhz ölkələr arasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və gələcəkdə heç bir ərazi iddiasının olmamasıdır. Bu tələb beynəlxalq hüquq normalarına tam uyğun olmaqla, sülh içərisində yaşamaq istəyən və həqiqətən sülhü arzulayan hər bir dövlət üçün qəbulediləndir. Azərbaycan multikulturalist ölkədir və digər millətlərin nümayəndələri kimi erməni əsilli insanlarda sülh içərisində Azərbaycanda yaşaya bilərlər. Lakin bunun üçün Ermənistan ilk öncə beynəlxalq hüquqa hörmətlə yanaşmalı, separatizmdən və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.

"Azərbaycan hər zaman Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə, eləcə də üzv ölkələr ilə əlaqələrin və dialoqun genişlənməsinə böyük önəm verir və Avropa İttifaqı üçün Azərbaycan hər zaman etibarlı tərəfdaş olub. Bu gün Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həm bilateral, həm də multilateral səviyyədə qurulub və bu platforma daxilində Brüssel gələcəkdə Azərbaycanla Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normaları əsas götürülməklə qurulmasında və Cənubi Qafqazda ədalətli və dayanqılı sülhün qorunmasında daha güclü dəstəyini verə bilər", – deyə deputat qeyd edib.