“Azərbaycan SSR-nin Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi böyük cəsarət tələb edirdi”


  • 21 Aprel 2022 16:14

Heç şübhəsiz ki, hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir və millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib. Onun həyata keçirdiyi məqsədyönlü dil siyasətinin nəticəsi olaraq keçən əsrin 70-ci illərində respublikamızda ana dilinin müxtəlif istiqamətlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işləri yerinə yetirildi. 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görüldü. Heydər Əliyevin ana dilinə sonsuz sevgi və qayğısının təzahürü olan bu cəsarətli addımı o zaman da ölkəmizdə rəğbətlə qarşılanmışdı. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.

Bütün bunlar SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesinin daha da gücləndirildiyi dövrə təsadüf edirdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Müstəqillik dönəmində də dövlət dili məsələsi geniş müzakirələrdən keçmiş və 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. O, dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla həm də Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Daha sonra “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərman imzalanmış və fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlanılmışdı.

2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür”.

Yusif Bağırzadə

Politoloq

Oxşar xəbərlər