"Səfirliyi Britaniya polisinin son illərdə törətdiyi çoxsaylı zorakılıq aktlarına diqqət yetirməyə çağırıram"


  • 15 May 2022 16:36

"Bakıda dünənki icazəsiz aksiyanın ardınca Britaniyanın Azərbaycandakı Səfirliyinin öz üzərinə "ədalət jandarmı" missiyası götürmək cəhdləri təəccüb və təəssüf doğurur. Səfirliyin yaydığı rəsmi mövqenin yalnız bu qisminə qatılaraq mən də hesab edirəm ki, "dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır." Lakin, Avropa hüquq məkanında da qəbul olunan təcrübəyə uyğun olaraq söhbət yalnız və yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlər çərçivəsində, icazəli aksiyadan gedə bilər".

E-huquq.az xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərəmov bildirib.

"Səfirliyin bəyanatında icazəsiz aksiya ilə bağlı digər ifadələri başdan-başa siyasi riyakarlıq və cəmiyyətdə qarşıdurma yaratmaq cəhdi kimi qiymətləndirir, "bloqer və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri" süni şəkildə siyasiləşdirərək dövlətin üzərinə məsuliyyət qoymaq niyyətini Britaniya-Azərbaycan münasibətlərinin ruhuna zidd özfəaliyyət və siyasi diversiya cəhdi hesab edirəm.

Eyni zamanda bəyanatda da ifadə olunmuş "bütün zorakılıq iddialarının hərtərəfli şəkildə araşdırılmalı olması" fikrini dəstəkləyərək, insan hüquqlarının universal xarakter daşıması prinsipini rəhbər tutaraq Səfirliyi Britaniya polisinin özünün son illərdə törətdiyi çoxsaylı zorakılıq aktlarına diqqət yetirməyə çağırıram", - deyə B. Məhərrəmov vurğulayıb.

Oxşar xəbərlər