Sahibə Qafarova Qazaxıstan Parlamenti Məclisinin sədr müavini ilə görüşüb - FOTO


  • 16 May 17:04

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva ilə görüşüb.

Bu barədə e-huquq.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonağı salamlayan Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, ortaq mədəni və mənəvi dəyərlərimizdən danışıb.

O bildirib ki, tarixən mövcud olan qardaşlıq əlaqələrimiz ölkələrimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib və bu il diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyini qeyd edəcəyik.

Qazaxıstana rəsmi səfərini və keçirdiyi görüşləri xatırlayan spiker aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb. O, parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edərək, bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Spiker parlamentlərimizin TürkPA və digər beynəlxalq təşkilatlarla yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində də uğurla əməkdaşlıq etdiyini qeyd edib. Sahibə Qafarova İƏT PA-nın Pakistanda keçirilmiş İkinci Ümumi Konfransında müzakirə edilmiş məsələlərin əhəmiyyətindən və həmin tədbirdə iştirakından danışıb. Bildirib ki, sabah təşkilatın Bakıda keçiriləcək Üçüncü Konfransında da mühüm məsələlər müzakirə ediləcək.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə barədə də danışaraq bildirib ki, Azərbaycan bu qələbə sayəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərini, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini işğaldan azad edib. İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfər zamanı bu gözəl şəhərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Qazaxıstan Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva Azərbaycanda ilk dəfə olduğunu və bu səfərdən məmnunluq duyduğunu qeyd edib.

Qazaxıstan Parlamenti Məclisinin vitse-spikeri Azərbaycana dəvətə görə təşəkkür edib. O, xalqlarımızın ortaq dəyərlərə malik olduğunu, müstəqillik illərində münasibətlərin böyük inkişaf yolu keçdiyini deyib.

Qonaq qeyd edib ki, parlamentlər arasında əlaqələrin inkişafı münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak ediblər.

Oxşar xəbərlər