Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəldi


  • 22 Sentyabr 2022 16:56

Sentyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və Ağıllı kəndlər üzrə interqrupunun sədri Frank Boqoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a verilən xəbərə görə, komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Ermənistan tərəfindən 30 il ərzində işğal edilmiş əzəli torpaqlarını öz qüvvəsinə azad edib və hazırda bu ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır.

Tahir Mirkişili işğaldan azad olunmuş torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirildiyi barədə məlumat verib. Bildirib ki, beynəlxalq standartlara cavab verən bu layihələr əsasında yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndinə artıq bir çox ailələr köçürülüb. Burada yaşayan vətəndaşların şəraitinin daha da yaxşılaşdırılmasında, rifah halının yüksəldilməsində həmin layihələr önəmli rol oynayır.

Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və Ağıllı kəndlər üzrə interqrupunun sədri Frank Boqoviç görüşə və maraqlı söhbətə görə öz minnətdarlığını ifadə edib. Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafının önəmli olduğunu deyib. İqtisadi əlaqələrin möhkəmləndirilməsi, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlardan, ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən bəhs edib.

Qonaq “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin əhəmiyyətindən söhbət açaraq, müasir texnologiyaların tətbiqinin insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində belə kəndlərin qurulmasını yüksək qiymətləndirib. Təmsil etdiyi qurumda bu istiqamətdə ölkəmizin təcrübəsinin böyük maraqla qarşılandığını söyləyib.

Söhbət zamanı deputatlar Tural Gəncəliyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov ikitərəfli əlaqələrin inkişafı, enerji və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, digər qarşılıqlı maraq doğuran məsələlər barədə öz fikirlərinin açıqlayıblar.

Görüşdə deputat Mahir Abbaszadə, Avropa Parlamenti nümayəndə heyətinin üzvləri Hannes Heide, Engin Eroğlu, Marin Miletiç, Adam Muxtar, Alessandro da Rold, Angele Kedaitene, Rafet Kurnaz, Gencay Koyunbaşoğlu, Ethem Güngör və digər rəsmi şəxslər iştirak ediblər.

Oxşar xəbərlər