Məzmuna keç

Millət vəkili: “Əsas sənəd Azərbaycanın 5 baza prinsipindən ibarət olan sülh müqaviləsidir”

“Soçidə keçirilməsi gözlənilən görüş Rusiya prezidentinin təşəbbüsü və vasitəçiliyi ilə keçiriləcək. Görüşdə ən əsas məsələ Ermənistanla Azərbaycan arasında postmüharibə dövründəki münasibətlər, sərhədlərdə baş verən təxribatlar, təhlükəsizlik məsələləri, bu ilin sonuna qədər imzalanması nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı aparılan danışıqların gedişi olacaq. Amma digər məsələlər də var ki, bu da Rusiya ilə Ermənistana aiddir. Bir tərəfdən Ermənistan bütün təmaslarda guya sülh müqaviləsinin imzalanmasına hazır olduğunu göstərməyə çalışır, digər tərəfdən təxribatlara, danışıqlar prosesinə ziyan vuracaq addımlar atır, müxtəlif platformalarda fərqli fikirlər səsləndirir ki, bu da ümumi işə ziyan vurur, prosesi ləngidir".

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

O xatırladıb ki, Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında artıq 5-ci görüş keçirilir. Azərbaycanın konkret təklifləri var və 5 baza prinsipindən ibarət olan bu təkliflərin bir vergülünə belə toxunmayıb: "Ermənistan isə beynəlxalq standartlara cavab verən prinsiplərə özünün əlavələrini etməyə cəhd göstərir. Oktyabrın 31-nə nəzərdə tutulmuş görüşdə əsas diqqət Ermənistanın üzərində olacaq. Yuxarıda dediyimiz kimi, bu görüşdə həm də Ermənistan-Rusiya münasibətlərinə də yer ayrılacaq. Son günlər Ermənistan rəhbərliyi Rusiyanı regional proseslərdən vurub çıxarmaq üçün Qərbin – Fransa və ABŞ-ın şərtlərini dəyərləndirir, onların üzünə qapılarını taybatay açır, regional güclərlə qeyri-regional güclərin son döyüşünə şərait yaradır. Bu da Rusiyanı qıcıqlandırır. Rəsmi İrəvana Moskvanın son xəbərdarlığına necə yanaşacaq, bunugörüşdən sonra biləcəyik. Onu da qeyd edək ki, əgər danışıqlarda əlavə şərtlər irəli sürülməsə və bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə masada olan şərtlər əsas olaraq götürülsə və davam etdirilsə, proses sürətlənə, hətta qısa müddət ərzində sülh müqaviləsi bağlana bilər. Əlbəttə burada vasitəçilərin təşəbbüsü ələ almaq iddialarını da unutmamalıyıq. Şarl Mişeli və Putinin sülhyaratma planları bir-birinə zidd olmasa da, prosesdə təkanverici sənəd kimi də çıxış edə bilmirlər. Əsas sənəd Azərbaycanın 5 baza prinsipindən ibarət olan sülh müqaviləsidir ki, onu hər kəs qəbul edib. Kimsə onu dəyişdirə və ora əlavələr edə bilməz. Çünki sənəd unikal hazırlanıb və etiraza, əlavələrə heç bir yer qalmayıb".

Rəşid Qarayev