Məzmuna keç

Elşad Mirbəşir: “Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək”

"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafına təkan verəcək".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir deyib.

O bildirib ki, Azərbaycanla BƏƏ arasında əlaqələr dinamik inkişaf etməkdədir.

"Bu, hər şeydən öncə həm də onun göstəricisidir ki, Azərbaycan təkcə Avropa, Asiya ilə deyil, ərəb ölkələri ilə də sıx əlaqələrin qurulması istiqamətində ciddi addımlar atmaqdadır. Ümumiyyətlə, Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında əlaqələrin kifayət qədər tarixi var. 2005-ci ildən Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusa malikdir. Təbii ki, belə bir status bütövlükdə ərəb dünyası ilə Azərbaycan arasında çoxtərəfli əlaqələrin inkişafına mühüm töhfə verməkdədir. Bilirsiniz ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. 1993-cü ildən iki ölkə arasında fəal diplomatik əlaqələrin qurulmasına başlanılıb. Bu gün bu əlaqələr kifayət qədər yüksək səviyyədədir. Qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman aydın mövqedə çıxış edib, bizim ərazi bütövlüyümüzü dəstəkləyib. Ümumiyyətlə, həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri kifayət qədər dinamik inkişaf edən ölkələrdir. Bu baxımdan hazırkı mərhələdə elə hər iki ölkənin prezidentinin vurğuladığı kimi, ölkələr arasnda daha geniş istiqamətli əməkdaşlığın qurulması imkanları mövcuddur", – deyə deputat qeyd edib.

E.Mirbəşir vurğulayıb ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə bərpaolunan enerji mənbələrinin yaradılması Azərbaycan üçün prioritetlərdən biridir və bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əməkdaşlığın ciddi təsiri olacaq.

Deputat Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışının da əhəmiyyətini qeyd edərək bunun əməkdaşlığın daha da inkişafı baxımından çox təsirli amil rolunda çıxış edəcəyini bildirib: "Prezident çıxışında Azərbaycanda münbit investisiya şəraitinin olduğunu vurğuladı. Azərbaycanın enerji siyasəti, xüsusilə də elektriik enerjinin ixracı istiqamətində atılan addımlardan və perpektivlərdən söz açdı. Hesab edirəm ki, dövlət başçısının bu çıxışı bütövlükdə Azərbaycana yeni investisiyaların cəlb olunması, əməkdaşlığın daha da inkişafı baxımından çox təsirli amil rolunda çıxış edəcək. Ümumiyyətlə hesab edirəm ki, İlham Əliyevin Birləmiş Ərəb Əmirliklərinə işgüzar səfəri olduqca məhsuldar keçdi. Bu səfər gələcəkdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi və iqtisadi əməkdaşlığın daha da güclənməsini şərtləndirəcək".

Xəyalə Bünyatova