Məzmuna keç

Deputat: “Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin çox mühüm nəticələri olacaq”

"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bölgədə cərəyan edən son hadisələr fonunda xüsusi əhəmiyyət daşıyır".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan son dövrlər ərəb ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atır və burada BƏƏ ilə münasibətlər də xüsusi əhəmiyyət kəsb edir. Qeyd edib ki, yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayacaq.

“Bu gün Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq bütün sahələrdə ən yüksək səviyyədədir. İki ölkənin dövlət qurumları arasında 30-a yaxın sənəd imzalanıb. Beynəlxalq platformalarda da hər iki dövlət bir-birinə hər zaman yüksək dəstək nümayiş etdirib. Birləşmiş Ərəb Əmirlikləri hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə cənab İlham Əliyev iki ölkə arasında siyahi sahədə əmədaşlığa toxunaraq qeyd etdi ki, BMT-də müzakirələr aparılarkən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın mövqeyini çox açıq və dəqiq şəkildə dəstəkləyir. Ümumiyətlə hesab edirəm ki, Prezidentin səfəri həm geniş siyasi məsləhətləşmələrin aparılması, həm də yeni sərmayələrin cəlb edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və bu səfərin çox ciddi nəticələri olacaq”, – deyə C.Məmmədov vurğulayıb.

Deputat Azərbaycan Prezidentinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışının da əhəmiyyətini vurğulayıb: "Prezident çıxışında Azərbaycanın alternativ enerji, yaşıl enerji, külək, günəş enerjisi ilə bağlı görülən işlər, atılan addımlar haqqında çox geniş məlumat verdi. Qeyd etdi ki, bu gün Azərbaycan bu istiqamətdə ciddi addımlar atır. Eyni zamanda Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər barədə danışdı. Həmçinin işğaldan azad olunmuş ərazilərdə günəş enerjisindən istifadə məqsədi ilə bir sıra layihələr üzərində işlər görüldüyünü bildirdi. Buradada əsas hədəf və məqsəd Azərbaycanın imkanlarını daha da genişləndirmək və Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdir. Ümumilikdə Prezidentin çıxışı onu göstərir ki, Azərbaycan bu istiqamətdə fəal addımlar atır və eyni zamanda müsəlman dövlətləri ilə də bu sahədə sıx əməkdaşlıq edir. Bu da ölkəmizin növbəti illərdə müxtəlif istiqamətlərdə inkişafına öz müsbət təsirini mütləq göstərəcək”.

C.Məmmədov onu da deyib ki, bu gün bölgədə ən çox diqqətlə izlənən məsələlərdən biri də İranda cərəyan edən hadisələrdir. İran özünün həyata keçirdiyi qeyri-dost siyasəti nəticəsində Azərbaycanla olduğu kimi, BƏƏ ilə də müəyyən problemlər yaşayır və İranın siyasəti bölgə dövlətlərini bu baxımdan da ciddi narahat edir: "Son dövrlər İsrail Türkiyə münasibətlərinin normallaşması fonunda bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Son illər Birləşmiş Ərəb Əmirlikləri də İsraillə münasibətlərin normallaşması məqsədilə bir sıra mühüm addımlar atıb. Bütün bu yeni tendensiyalar bölgədə təhlükəsizliyi təmin etmək üçün yeni imkanlar yaradır. Bölgənin gələcəyini düşünən dövlətlərin bir yolu var, o da sıx əməkdaşlıq. Prezident İlham Əliyevin nümunəsində Azərbaycan bunu uğurla icra edir".

Eltac Nurullazadə