Məzmuna keç

Millət vəkili: “Azərbaycan və Çin arasında möhkəm siyasi-iqtisadi platforma mövcuddur”

“Azərbaycan və Çin arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Tarixi əlaqələr Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Ulu öndərimiz Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri yüksək səviyyəli əlaqələrin əsasını qoyub. Cənab Prezident İlham Əliyev Çinə səfərləri, eləcə də, müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələri daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin “CGTN” (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı vurğuladığı kimi, Azərbaycan və Çin arasında sıx əməkdaşlıq münasibətləri əsl dostluğa çevrilib və Azərbaycan Çinin böyük dostlarından biridir. Hər iki ölkəni bir-birinə daha uzunmüddətə dayanıqlı şəkildə yaxınlaşdıran əməkdaşlıq fəaliyyəti 30 il ərzində davam edən siyasi platforma üzərində daha da möhkəmlənib. Tərəflər arasında beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlıq var, hər iki ölkə həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, Qarabağ Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib”.

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə sözlərinə görə, Çin Azərbaycanla əlaqələrə xüsusi maraq göstərən ən fəal dövlətlərdən biridir və Çin üçün xammal və ilk növbədə, enerji mənbələri xüsusi əhəmiyyət daşıyır: "Xarici ticarət dövriyyəsi də hər il artır, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dolar olub. Müqayisə üçün qeyd edək ki, əgər 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyon dolları təşkil edirdisə, indi bu göstərici 1500 dəfə artıb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payı 45% təşkil edir. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir”.

A.Hüseynov qeyd edib ki, ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti Çin şirkətlərinin ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində birgə işbirliyinin artmasına yol açıb, çinli investorların sayının artmasına mühüm təsir göstərib.

"Hazırda Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir ki, bu da cəlbedici investisiya iqliminin nümunəsi hesab oluna bilər: "Bu amil sözsüz ki, qarşılıqlı sərmayə qoyuluşlarının dinamikasına da öz təsitrini göstərib. Çin şirkətləri Azərbaycana 900 milyon dollardan çox investisiya yatırıblar. Azərbaycanın isə Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,7 milyard dollar təşkil edir", – deyə o bildirib

Millət vəkili deyib ki, iki ölkə arasında nəqliyyat-logistika, infrastruktur sahələrində də sıx faydalı əməkdaşlıqlar mövcuddur: “Azərbaycan Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşir və bu strateji mövqe ölkəzmiz üçün çoxlu imkanlar yaradır. Azərbaycan hazırda “Bir kəmər, bir yol” layihəsinə çevrilmiş təşəbbüslərdə çox konstruktiv rol oynayır. Çinin də müəllifi olduğuq bu trans-qlobal nəqliyyat şəbəkəsi ilə bağlı təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşulan ölkələrdən biri məhz Azərbaycandır və Cənab Prezidentin də bəyan etdiyi kimi son 10 il ərzində ölkəmiz öz nəqliyyat infrastiurkturlarını bu sistemə uyğunlaşdırmaqdadır. Xəzər dənizində ən böyük ticarət limanlarından birinin inşa olunması, dəmir yolu infrastrukturuna investisiya yatırılması və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi layihələrin icrası da “Bir kəmər, bir yol” təşəbbüsünə xidmət edir. Azərbaycan həmçinin, Orta Dəhliz quruculuğundan çox vacib rol oynayır. Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək Yolu İqtisadi Kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. Hazırda hər iki ölkə “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin daha da genişləndirilməsi təşəbbüsünü artırır”.

Xəyalə Bünyatova