"Azərbaycan hər zaman Dünya İqtisadi Forumunda çox yüksək səviyyədə təmsil olunur və özünü tanıdır. Bu dəfəki forum çərçivəsində də Prezident İlham Əliyevin, o cümlədən iqtisadiyyat nazirinin və ölkəmizin digər nümayəndələrinin keçirdiyi görüşlər Azərbaycanın iqtisadi potensialının təqdim olunmasına imkan verdi"
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Azərbaycan dünyada nüfuzlu ölkə kimi tanınır və Prezidentin Davosda keçirdiyi görüşlərin geniş olması ölkəmizə olan maraqdan irəli gəlir: "Prezident Davosda bir sıra görüşlər keçirdi, ona ünvanlanan sualları geniş cavablandırdı. Bütün bunlar göstərir ki, Azərbayan iqtisadiyyati investisiyalar üçün, xarici sərmayədarlar üçün açıqdır. Biz bir sıra sahələrdə əməkdaşlığımızı genişləndiririk, həmçinin alternativ enerjinin inkişaf etdirilməsi istiqamətində öz siyasətimizi yürüdürük. Bu gün dünyada inteqrasiya olmadan, əməkdaşlıq etmədən müstəqil şəkildə yaşamaq mümkün deyil, ölkələr arasında iqtisadi bağlantılar olmalıdır, əməkdaşlıq genişlənməlidir".
A.Badamov deyib ki, Davosda keçirilən forum Azərbaycanın öz ədalətli mövqeyini dünya ictimaiyətinə çatdırmasında da mühüm rol oynayır.
"Burada təbii ki, siyasi proseslər də öz təsirini göstərir. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünu təmin etdi. Lakin bu gün Ermənistan Laçın-Xankəndi yolunda ekofəallarımızın keçirdiyi dinc aksiya ilə bağlı yanlış məlumatlar yayaraq dünya ictimaiyyətini çaşdırmaq istəyir. Ona görə də ölkəmizin bu cür beynəlxalq səviyyəli tədbirlərdə iştirakı və keçirilən görüşlər Azərbaycanın siyasi mövqeyininin beynəlxalq arenalarda möhkəmləndirilməsinə və ədalətli ölkə olduğunu sübut etməsinə imkan yaradır".
Eltac Nurullazadə
