Məzmuna keç

Deputat: “Avropa İttifaqının Ermənistana missiya göndərməsi sülh müqaviləsinin imzalanmasına mane olacaq”

"Avropa İttifaqının Ermənistanın istəyi ilə bu ölkənin Azərbaycanla sərhədinə iki illik missiya göndərmək barədə qərar qəbul etməsi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olacaq".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, Aİ bu qərarla öz dəyərlərinə hörmətsizlik edir, eyni zamanda regionda dayanıqlı sülhün əldə olunmasına çox ciddi maneəçilik törədir.

"İndiyə kimi Avropa Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə dəfə görüşü keçirilib. Azərbaycan Prezidentinin irəli sürdüyü 5 prinsip əsasında danışıqlar aparılıb. Avropa İttifaqı ilə yanaşı, Ermənistan da bu 5 prinsipi qəbul edib. Çünki Prezidentin irəli sürdüyü 5 prinsip beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Lakin əfsuslar olsun ki, Fransa Prezidenti Emmanuel Makronun kobud müdaxiləsi nəticəsində proses pozuldu. İndi də Avropa İttifaqının bu addımları sülhün əldə olunmasına mane olur. Belə məsələlər mütləq şəkildə Azərbaycanla razılaşdırılmalıdır. Konkret gündəlik müəyyən olunmalıdır ki, bu missiyanın məqsədi nədən ibarətdir. Missiya təyin olunamışdan əvvəl çox yaxşı olardı ki, Azərbayvanın da mövqeyi nəzərə alınsın, real vəziyyət öyrənilsin və ədalətli qərar qəbul edilsin. İndiki halda Avropa İttifaqının bu birtərəfli qərarı regionda dayanıqlı sülhün əldə olunmasına çox ciddi maneədir", – deyə deputat qeyd edib.

Xəyalə Bünyatova